Saqif Qaratorpaq : - Şirin yuxudan oyatdı

Ədəbiyyat 11:41 / 23.04.2025 Baxış sayı: 1134

Şirin yuxudan oyatdı,

Bir ilahi səda məni.

O yanda ölüm gözləyir,

Bu yanda bir sevda məni.

 

Baxtım zülfü tək dolaşıq,

Mənəm gözlərində işıq.

Bir eşq könlümə sarmaşıb,

Salıb yenə yada məni.

 

Getməz əlimdən qoxusu,

Sinəm üstədir yuxusu.

Qoy axıtsın məni o su,

Tutsun bu qan-qada məni

 

Ayrılığı dadsın hərdən,

Göz yaşında batsın hərdən,

Bilə-bilə atsın hərdən

Içindəki oda məni.

 

Ömür bitməz hər qarğışla,

Hər ilməylə,hər naxışla.

Öldürsün bircə baxışla,

Versin hər gün bada məni.