Vaqif Kəhrizli : -   “Ana dilim ölən deyil” 

Ədəbiyyat 20:02 / 21.02.2024 Baxış sayı: 1779

 

Aylar ötür, il dəyişir,
Gedən geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa, bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da, dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil