Vahid Paşayev :  - Uşaqlıq dövrü başqa bir aləmdir insan həyatında

YAZARLAR 08:51 / 13.01.2025 Baxış sayı: 536

...uşaqlığımı axtarıram,...ömrü qısa olan,əl dəyməmiş qu tükündən də narın örtüyü tökülən zərif kəpənəklərə bənzəyən,riya,çamur görməyən,qara,tünd,tutqun nə olduğunu bilməyən, qəlbi pambıq ymşaqlığında,süd ağlığında olan uşaqlığımı,...Harda,nə zaman salıb itirdiyimi xatırlamıram,yaddaşımdan silinib,hey fikirləşirəm dəqiq yadıma sala bilmirəm.Adda-budda cizgilərindən başqa.

...məktəbə getməmişdən bir az əvvəl atam anamın həvə-kirgidlə toxuduğu kiçik ölçülü xalçanı çiyninə atıb satmaq üçün bazara yollandığı,çiynində apardığı xalçanı mağdura döndərərək geriyə--evə dönərkən yolüstü mağazadan mənim üçün kiçik ölçülü bir cüt rezin qaloş və balağı dizdən yuxarı olan aşırmalı geyim alıb gətirdiyi yadıma gəlir.

Qara qaloş ayağımda,aşırmalı şalvar əynimdə...elə sevinirdim ki,istəyirdim ki,yaşıdlarım hamısı görsün.O da yadımdadır ki,elə həmin gün həm ayaq geyimimi və həm də şadlanka deyilən rarça materialından(xeyli sonralar bildim ki,parçanın adı "şotlandka" imiş)tikilmiş aşırmalını suya-palçığa batırdığımdan,dizdən aşağı açıq olan ayaqlarım söyüd çubuğu ilə göyərdildi.Həmin gecə ilan vuran yatdı,mən yata bilmədim,ayağımda zol qalan çubuq yerlərinin göynərtisindən.

...qarpız əhvalatı da təkəm-seyrək yadlma gəlir.Qohumlardan kimsə yetişməsinə əminlik üçün yanları üçbucaq şəklində dəlinmiş iki qarpız gətirmişdi bizə.Biri həmən kəsildi,qohumla birlikdə yeyildi,o biri sərin qalsın deyə çarpayının altına qoyuldu ki,axşam ailə bir yerə toplaşarkən kəsilər.Gözdən oğurlanıb qarpızın nişanlanmış hissəsini əlimlə oyub xeyli hissəsini yemişdim....

Axşam qarpız ortalığa qoyulanda hamı biri-birinin üzünə baxdı və nəzərlər mənə dikiləndə rəngim qaçdı,(indi anlayıram ki,rəngim elə qarpızın rənginə dönübmüş) xəcalətimdən çəkdiyim əzab çubuq yerlərinin göynərtisindən betər oldu...

O günlər üçün yaman darıxmışam,nə tez sovuşdu o günlər? ...həyətimizdəki hündür ağaca sarmaşmış üzüm tingi,payızın ortaları,seyrələn yarpaqlar arasında gizlənib qalmış kəhrəba rəngli iri üzüm salxlmı,...dayanmaqmı olardı?Çox götür-qoydan sonra ağaca çıxıb,salxımı qırıb və dərhal düşmək qərarına gəldim.Çıxdım,

əl uzatdım üzümü dərəm,əlim boşa çıxdı və oradan gəldim yerə,...üzümsüz!Nəticədə başıma üç tikiş qoyuldu,hərdən güzgüyə baxarkən həmin tikişlər mənə keçmişi--uşaqlıq günlərimi xatırladır.

Düzdür,acılarıyla yanaşı şirini də olub xatirələrin,hər halda uşaqlıq dövrü başqa bir aləmdir insan həyatında.Qayğısız günlərin şirinliyini indi əliçıraqlı axtarıb- soraqlamaq qurudulmuş Urmu gölündə balıq sevdasına düşmək kimi bir şeydir.

.