İSMAYIL İMANZADƏ : - YENİ İL ƏRƏFƏSİNDƏ BİR YAZAR ELOĞLUMUZU DA İTİRDİK...

YAZARLAR 18:28 / 13.01.2025 Baxış sayı: 1164

 

Yeni ilin gəlişinə sayılı saatlar qalanda yazar eloğlum Əlisahib Əroğul (İsrafilzadə Əlisahib Qiyas oğlu) bu fani dünyamızı tərk edərək Allahın dərgahına yollandı.

Əlisahib Əroğul 1948-ci il sentyabr ayının 10-da Cəbrayıl rayonunun Dağtumas kəndində dünyaya göz açmışdı. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almış, 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdi.

Əvvəlcə doğulduğu kənddəki məktəbdə müəllim, dərs hissə müdiri işləmiş, əmək fəaliyyətini rayon partiya komitəsində davam etdirmiş, iki ildən sonra isə rayon xalq nəzarəti komitəsinin sədri vəzifəsində çalışmışdı. Rayonun işğal edilməsindən xeyli qabaq icraiyyə komitəsinin katibi vəzifəsinə təyin olunmuşdu.

Köçkünlüyün ilk illərində Gəncə şəhərində o vaxtlar fəaliyyət göstərən ekalogiya institutunda iki il müəllim işləmiş, bundan sonra Bakı şəhərinə köçmüşdür.

Əlisahib müəllimlə rayon partiya komitəsində işləyəndə tanış olmuş, sonrakı vaxtlarda tanışlığımız dostluğa çevrilmişdi.

Rayonumuzda “Ümid” Ədəbi Klubuna rəhbərlik etdiyim İllərdə (1978-1993) qələmə aldığı ilk şeirləriyə diqqətimi çəkmiş, söz məclisinin bir neçə istedadlı üzvüylə bərabər onun da ilk qələm təcrübəsi olan şeirlərini “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Xudafərin” (“Kolxozçu”) qəzetlərində və “Kənd həyatı” jurnalına təqdim edərək dərc etdirmişdim.

Əlisahib müəllimlə ilk dəfə görkəmli nasir Seyran Səxavət və görkəmli şair Çingiz Əloğluya mən tanış etmişdim. Halal xoşu olsun, hər iki yazar dostumla tanışlıqdan yararlanmışdı. Seyran Səxavət “Ulduz” jurnalında nəsr şöbəsinin müdri olarkən bir hekayəsi jurnalda dərc edilmiş, Çingiz Əloğlunun köməyi sayəsində isə “At oğrusu” adlı ilk nəsr kitabı “Gənclik” nəşriyatında tematik plan əsasında işıq üzü görmüşdü.

Əslində, onu nəsrə mən yönəltmişdim,- özü də bunu sağlığında dəfələrlə etiraf etmişdi. Yuxarıda dediyim kimi o, ədəbiyyata şeirlə gəlmişdi. Ancaq sonralar ona bir dəfə demişdim: “Dost, mənə elə gəlir ki sən nəsrə keçsən daha uğurlu əsərlər yaza bilərsən və zarafatla da əlavə etmişdim, incimə, şeirin köynəyi sənə darlıq edir!..

Əlisahib müəllimlə rayonumuza ayrı-ayrı vaxtlarda yaradıcılıq səfərlərinə gələn ünlü şairlərimizdən Vaqif İbrahim, Şahmar Əkbərzadə, Vaqif Bəhmənli, Eldar İbrahim, Oktay Rza, Məmməd Namaz... və unudulmaz Fərman Kərimzadə ilə bir süfrə ətrafında əyləşib dəfələrlə duz-çörək kəsmişdik.

Onunla ailəvi dost olduğumdan çoxları halı idi. İki dəfə təcili bir işlə bağlı onu şəxsi minik maşınımla Bakıya, sonralar isə dəfələrlə ömür-gün yoldaşı Cəmilə xanım, üç oğul övladı ilə birlikdə qaynatası Kərim kişinin yaşadığı Çaytumas kəndinə aparıb, qaytarmışdım...

Sonuncu dəfə 2023-cü ilin noyabr ayının 22-də “Ömür muncuq düzümüdür” və “Hər çəməndən bir çiçək” adlı kitablarımın AYB-nin Natəvan Klubunda keçirilən təqdimat mərasimində görüşmüşdük. Ölümündən bir ay qabaq zəng edib əhvalını soruşmuş, bir ortaq yaradıcı dostumuz barədə giley-güzarını mənə bildirmişdi. İstəkli dostum Tariyel Abbas ölümündən iki həftə qabaq zəng edib demişdi ki ağır xəstədir, həkimlərin dediyinə görə son günləriniyaşayır...

Rayonumuzun işğalından on il sonra əmək fəaliyyətini davam etdirmədiyindən yaradıcılıqla daha ciddi məşğul olurdu. Xeyli sayda kitablarını nəşr etdirmişdi. Həmin kitablarından bir neçəsini mənə də göndərmişdi. Yaxşı yadımdadır,-on il qabaq zəng edib xahiş etdi ki Ağıq Pərinin şeirlərini elektron poçtunla sənə göndərim, həmin şeirlə əl gəzdir. Dedim, qardaş, mən də bilirəm ki onun əlyazmaları qalmayıb, şeirləri ağızdan-ağıza keçib gəldiyindən (sonralar bu şeirləri bir neçə folklorşünas alım,- o cümlədən Firudin bəy Köçərli yazıya alıb) şeirlərdə xeyi sayda qafiyə, vəzn xətaları mövcuddur. Vallah, ruhundan qorxuram, birdən məni lənətləyər! Dedi ki qoy, lənətləsə, məni lənətləsin, Qəzənfər müəllimlə (Qəzənfər Paşayev) də məsləhətləşmişəm, sən düzəlişlərini elə qaytaq. Açığı sözündən çıxa bilmədim, Aşıq Pərinin mövcud olan bütün şeirlərini qaydaya salıb göndərdim ona. İki aydan sonra Mədəniyyət Nazirliyinin xəttiylə həmin kitab nəşr edildi. Qırmızı, nazik üzqabıqlı bu kitabın titul vərəqinin arxasında mənim adım kitabın redaktoru qismində yer almışdı...

Həccə gedib qayıdandan sonra büsbütün imicini dəyişmişdi, əvvəlki görünüşündən əsər-əlamət qalmamışdı. Bir suyu rəhmərlik Seyid Həmzə Nigariyə, o birisi rəhmətlik atası Qiyas kişiyə bənzəyirdi...

Əlisahib müəllim, dəyanətli, sözü üzə deyən və məhsuldar qələm sahibi idi. Ürəkdən inanıram ki onun əsərlərinin bir qismi zamanın sınağından uğurla keçəcək, müəllifini yüzillər boyu yaşadacaqdır... Allah rəhmət eləsin!

 

13.01.2025 (saat 16.08)

Bir 1 nəfər və mətn şəkili ola bilər