Vahid Aslan - Göy üzü darıxar

Ədəbiyyat 09:29 / 26.04.2026 Baxış sayı: 319

 

Aradakı yollar

Uzaq olsa da,

Bir zaman

Ürəklər yaxın olardı;

Adamlar

Bu qədər soyuq olmazdı,

Onda nə internet,

Nə video vardı;

Sevgi məktubları

İşıq yoluydu,

Ümid daşıyırdı qanadlarında;

Könüllər doluydu,

Gözlər tox idi,

Hərə öz bağında, bağatlarında;

Etibar var idi,

İnam var idi,

Evlərin qapısı açıq qalardı;

Evlər balacaydı,

Otaq dar idi,

Di gəl ki, ürəklər geniş olardı...

Mən belə görmüşdüm

Uşaq olanda,

İndi illər ötüb, zaman dəyişib.

Araya min illik soyuqluq düşüb

Sevgi ürəklərdən

Uzaq olandan...

... Baxıb adamların soyuqluğuna

Göy üzü darıxar,

Hönkürüb ağlar;

Göylər ağladıqca yuyunar gecə,

Yuyunar göylərin göz yaşlarında.

Dönüb uşaq ola bilsəydim, ana!

Çimərdim gözünün yağışlarında;

14.02.2025