Ayaz Arabaçı - Sənin xətkeşin..
(uzaq illərdən)
Bu sənin birinci silahın olub,
Təmin eləyibdi müdafiəni.
Yox, yox, demirəm ki, günahın olub,
Hərdən bir xətkeşlə vurmusan məni.
Odunu içində gizlədib külüm,
Gözlərin gecəmi-gündüzə verib.
Məni sevdiyini ilk dəfə gülüm,
Bu köhnə xətkeşin biruzə verib.
Hər dəfə vuranda elə sanmışam,
Məni köksünə sıx, oxşa demisən!
Sinəmdə aramsız qaynayıb-coşan,
Hər bir istəyimə yaxşı, demisən.
Keçmişəm araya çəkdiyin xətti,
Xəlvəti baxmışam sinənə hətta.
Eh, mənim əllərim bir himə bənddi,
Çox şey eləyərlər, sənə nə? Hətta!
Bir anda yumşalıb qəzəbli üzün,
Atmısan xətkeşi qəfil kənara.
Bir xətkeş məsafə, uzundan uzun,
Məni dolandırıb gör hardan-hara.
Bu xətkeş qapısı hissin, təmasın,
Etiraf eləmək yerinə düşər.
Gərək məhəbbətdən söhbət açmasın,
Ortada xətkeşi olmayan bəşər.
Mən sənin yolunam, sən mənim izim,
Yolda da, izdə də gül açıb bahar.
Deyirəm yaxşı ki, həyatda bizim,
Məhəbbət körpümüz, xətkeşimiz var.