Tural Cəfərli - SƏNƏ
Bir də görürsən ki, qırıq bir ümid,
Qanadsız uçmağı öyrədir sənə.
Sonra ayağına o ki var döyüb,
Özündən qaçmağı öyrədir sənə.
Hərdən qorxuludu, hərdən qəribə,
Bəzən də qəddardı, vurur ən dibə.
Fikrini zikrini salıb boş cibə,
Əlini açmağı öyrədir sənə.
Dayanıb üz-üzə, nifrətə qarşı,
Oturub göz-gözə, həsrətə qarşı,
Nə vaxtsa yolunda zülmətə qarşı,
İşıqtək saçmağı öyrədir sənə.