“Təxminən ehtimallar var ki, sui-qəsdin sifarişçisi kim ola bilir...”

Gündəm 12:42 / 29.03.2023 Baxış sayı: 1085

Bunu  Yenises.az-a açıqlamasında professor Qulu Məhərrəmli millət vəkili Fazil Mustafaya qarşı edilən sui-qəsd haqda danışarkən deyib. Q.Məhərrəmli deputata qarşı sui-qəsdin çıxışlarına görə olduğunu istisna etməyib: 

“Fazil Mustafanın mövqeyi, o cümlədən cəmiyyətdə cahilliyə, dini xurafata qarşı çıxışları hər kəsə bəllidir və hesab edirəm ki, bu, xalqın ümumi inkişafı, gələcəyi, xüsusən gənclərin sağlam dünya görüşü olması baxımından bu çıxışlar əlbəttə ki, əhəmiyyətlidir. Amma əlbəttə ki, onun diskusiyalarıyla, fikri ilə razılaşmayanlar da var, ona olan hücumlar da danılmaz bir faktdır. Əsas odur ki, bu hadisə təsadüfi deyil, bunun ciddi səbəbləri var. Fazil Mustafaya qarşı edilən bu sui-qəsd, terror cəhdi hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşına qarşıdır. 

Ona görə yəqin ki, bizim xüsusi xidmət və hüquq-mühafizə orqanları bunu ciddi şəkildə araşdıracaq. Təxminən ehtimallar var ki, sui-qəsdin sifarişçisi kim ola bilir. Özü də ki, bunu xüsusi olaraq əlamətdar bir gündə törətmək görünür ki, müəyyən mesaj təsiri bağışlaya bilir. Bütün hallarda, yəni bizim fəal vətəndaş mövqeyi, tənqidi  vətəndaş mövqeyi olan insanlarımız var. Yəni ehtimallardan biri də həmin adamlara xəbərdarlıqdır. Yəni bunu biz dəqiq araşdırma olmadan deyə bilmərik. Amma o ehtimallar olmaya da bilər. Ona görə də fəal vətəndaş mövqeyi olan insanların, ictimai fiqurların, xüsusən onların təhlükəsizliyi ilə də bağlı düşünülməlidir. Çünki bu cür hadisələr qaşla-göz arasındadır. Fazil bəy özü dediyi kimi möcüzə nəticəsində sağ qalıb və Allah eləməsin başqa cür də ola bilərdi. Ona görə indi hər yerdə elə vəziyyətdir ki, təhlükəsizlik kameralarının quraşdırılmasından tutmuş, digər mühafizə, nəzarət, müşahidə formalarından istifadə olunmalıdır ki, yəni cinayəti törədə biləcək adamlar bunu çox sadə iş hesab eləməsinlər. Bilsinlər ki, onların törətdiyi bu cinayətkar hərəkət təşkilatçılar da, sifarişçilər də daxil olmaqla tez bir zamanda ifşa oluna bilər”.