Ayaz Arabaçı : - Atam biləndə ki, şeir yazıram...

Ədəbiyyat 10:30 / 20.05.2025 Baxış sayı: 1478

Atam biləndə ki, şeir yazıram,

Əlini çiynimə qoyub astaca,

Baxıb gözlərimə, dedi ki, bala,

Bircə misra olsun, lap qoy olsun az,

Yazanda qəlbinin dediyini yaz,

Salaq şairlərin yolunu getmə..

 

Uğur diləyirəm, gətirmirəm nəhs,

İçində tamahın nəfəsini kəs,

Hər sözün üstündə vicdanınla əs,

Məramın gözəldi, yolun müqəddəs,

Ətək şairlərin dalınca düşüb,

Balaq şairlərin yolunu getmə..

 

Hər şey var həyatda, gözün dolusu..

Peşiman eləmə eli-ulusu,

Zəhərə dönməsin bu çörək, bu su,

Çox çətin qorunur sözün namusu..

Yağış yağan kimi hər yeri basan,

Alaq şairlərin yolunu getmə..

 

Çoxunu qovurub dövranın sacı,

İtdən qardaş olmaz, ilandan bacı,

Hər acı şirindi, hər şirin acı,

Gör neçə şahların boş qalıb tacı,

Dünyanın malına-puluna uyub,

O lax şairlərin yolunu getmə.

 

Hesabı düz saxla manata-manat,

Nə könlün qanasın, nə könül qanat,

Günəşdən işıq al, küləkdən qanad,

Haqq üçün döyüşə birinci can at,

Köhlən çəhlimində qanasın dizin,

Ulaq şairlərin yolunu getmə.

 

Çox acı, çox ağır ərəfə gəlir,

Həqiqət nə inkar, nə dəfə gəlir,

Hərdən ox özü də hədəfə gəlir,

Adam bu dünyaya bir dəfə gəlir,

Ucal buludlara öz kökün üstə,

Calaq şairlərin yolunu getmə..

 

Buludlar boş yerə yağışlamırlar,

Çölləri, düzləri naxışlamırlar,

Bülbüllər çəməndə bayquşlamırlar,

İnsanlar heç nəyi bağışlamırlar,

Gündə bir alçağın məddahı olan,

Talaq şairlərin yolunu getmə..

 

Səni çox ağrılar, "dadaş", gözləyir,

Dərd açıb qolunu adaş gözləyir,

Nə yağ yaxması var, nə aş gözləyir,

Qarşıda bir ömür savaş gözləyir,

Sən ürək olmağa layiq oğulsan,

Dalaq şairlərin yolunu getmə..

 

Bişir de, bişir yaz, çiylənməsinlər,

Sözlərin tərifdən piylənməsinlər,

Saxta kitablarda iylənməsinlər,

Adın çəkiləndə iyrənməsinlər,

Tikanlı-çınqıllı yollara düş öl,

Yalaq şairlərin yolunu getmə..