Arzu  Əsəd : - Azərbacançılıqı  türkçülüyə qarşı qoymaq  cəhdi...

YAZARLAR 09:26 / 20.05.2025 Baxış sayı: 1339

Azərbacançılıq türkçülüyə qarşı. Çox təəssüf ki, sovet dövründə böyük məkrlə istifadə edilən bu ideoloji fənd bu günlər bütün gücü ilə işə salınıb. Ərdoğan bir çıxışında qeyd edib ki, Malazgirt də, Çaldıran da türklərin, kürdlərin, ərəblərin birgə qələbəsidir. Adam tarix yaradıcısıdir, harda nə dediyini çox gözəl bilir və önəmlisi odur ki, bu sözlər elə-belə tarixə ekskurs xarakteri daşımır. O bizi bu coğrafiyada baş verəcək geosiyasi perspektivlərə hazırlayır. Ona görə də xalqların birliyinə səsləyir...

Və bu zaman Azərbaycanda görünməz əllər işə düşür. Şah İsmayıl amili ortaya atılır. Yüz illərlə tarix yaradıcılığından məhrum olunmuş, tarixə ən yaxşı halda bir muzey kimi baxmağa öyrədilmiş meyxana və mərsiyə təfəkkürlü bizlərə "Çaldıran döyüşü Kərbəlanın davamıdır" deyə təlqin edilir. Yəni şüuraltımıza yeridilir ki, Şah İsmayıl gunahsız Hüseyn, Sultan Səlim isə Yeziddir. Şüuraltımızda bunu yerləşdirdikdən sonra da biz olacağıq imam Hüseyn nəvələri, qardaş Türkiyə türkləri də Yezidin nəvələri.

Düşmənin məkrli planları bizim yarımçıq ağıllı ziyalılarımızın təfəkkürü ilə bizə belə sırınır. Bu qədər açıq-aydın türk düşmənçiliyi və fars-şiə təbliğatı aparılır. Cəmi 35 il bundan əvvəl Şuşa İranda satılır, 3-5 il əvvəl isə türk "Bayraqdar"larının dağıtdığı düşmən istehkamlarını keçərək Azərbaycan əsgəri Şuşanı erməni caynağından xilas edir. Bu, əsrlərcə yaddaşı doğranıb meymun hafizəsinə dondərilmiş bizlərin yadından çıxır. Cəmi 5 il əvvəl bizim ölüm-qalım savaşında yanımızda olmuş canlı qəhrəman ər oğlunun əməllərini danıb, 500 il bundan əvvəl türk tarixinin ləkəsi olan bir müharibədə məğlub olmuş şah babamızı göylərə qaldırırıq.

Ərdoğan Şah İsmayıl adı çəkməyib. Ərdoğan açıq mətnlə deyib ki, bu döyüşdə türk, yəni həm də azərbaycanlı, kürd və ərəb bir yerdə qalib gəlib. Sənə nə sərf eləmir bu cümlədə, ay özünü israrla türk yox, azərbaycanlı sayan? Sən hələ o döyüşdə məğlub olub qaçdığın halda, Ərdoğan deyir ki, sən qalibsən. Daha nə desin? Desin ki, gedin uyun fars-molla təbliğatına, yenidən qardaş düşmənçiliyi, türk düşmənçiliyi edin?

Əlbəttə, cəmiyyət yekcins deyil. Ara qarışdıran, suyu bulandıranların əksəriyyəti türk düşmənləridirlər. Artıq hamının tanıdığı türk düşməni ziyalılarımız hər kritik zamanda olduğu kimi bu dəfə də canfəşanlıqla azərbaycanlıların "Cavanşirəm, Babəkəm..." "qəhrəmanlıq" damarını tutub Şah İsmayılın mədhinə başladılar. Əslində onların dərdi Şah İsmayıl deyil, Ərdoğandır. Ələ fürsət düşmüşkən, Şah İsmayıl bəhanəsi ilə İstanbulu erməni-yunan-PKK əlaltılarına hədiyyə verməyə çalışan CHP-nin namizədi, hazırda həbsdə olan başqa bir imam oğlunun - Əkrəm İmamoğlunun acığını çıxırlar.

Konstantinopol həsrəti məkrli qərbi, qanlı şimalı hər əsrdə müxtəlif libaslı xarici və daxili düşmənlər hazırlamaga məcbur edir. Düşmən heç vaxt uyumur. Türkiyə yenə içdən və dışdan kuşanıb. Məkrli əllər biz Azərbaycan türklərini də yenidən yeni virtual Çaldıran döyüşünə soxmaq istəyirlər. Keçmisə ölçüsüz orientasiyanı, nekrofilliyi - yəni ölü sevərliyi, tarixdən dərs almaq əvəzinə ona məftun olmağı, öz keçmişimizi bu gunümüzü görməyəcək dərəcədə şişirtməyi, mərsiyə düşüncəsini bir kənara atıb, gözümüzün qabağında tarix yaradan, tanrının türkun tarixində hər əsrdə bir dəfə yaratdığı ər oğlu ərə - Ərdoğana düşməncəsinə dil uzatmaq əvəzinə qardaş əlimizi uzatmalıyıq. Biz elə tarix boyu Çaldıran kimi səhvləri etməyə məhkum edilməmişik ki.