Təranə Məmməd - Xəyala doğru

YAZARLAR 16:48 / 26.08.2026 Baxış sayı: 157

( Hekayə)

 

Çoxdandır maşın sürmürdüm. Səhhətimlə əlaqədar həkimlər icazə vermirdi.

Ancaq, gecələr yuxumda həmişə sükan arxasında gözəl xalq mahnılarımızı zümzümə edə-edə dar ,dolama yollarla maşın sürürdüm. Həmişə də mənzilə çatmamış oyanırdım. Əslində heç hara getdiyim də bəlli deyildi. Elə gedirdim...

Deyirlər yuxular bəzən çin olur. Mən də həmişə bu fikirlə yaşayırdım ki, bir zaman mütləq yenə maşınıma oturub uzaq yol gedəcəm.

Bu gün gedəcəyim bölgə ata-babamın yurdudur.

Yadımdadır, bu yolları atamla gedərdik. Mən onda lap kiçik udim. Anam həmişə yollardan qorxardı. Atam isə bəzən əllərini sükandan ayırıb onu daha da qorxudardı.O vaxt mənə elə gəlirdi ki,atam artıq çox yaşlıdı və maşını yaxşı idarə edə bilmir.

İndi isə özüm bu qoca vaxtımda maşın sürmək həvəsinə düşmüşəm. Qəribədir, insan heç vaxt qocalığı qəbul etmək istəmir. Deyirlər qadınlar yaşlarını gizlədirlər ki,qocaldıqları bilinməsin. Amma mənə elə gəlir ki, kişilər qocalıqdan daha çox qorxurlar.

Bakıdan səhər tezdən çıxmışam. Hələ Bakı küləyinin sərinliyi canımdadır, amma,artıq uzaqlaşmışam şəhərdən.

Hava əladır. Ətrafdakı mənzərə insanı valeh edir. Ağacların yaratdığı təbii çardaqlar arasıyla getdikdə sənə elə gəlir ki,yaşıl bir labirintdəsən.

Ağaclar bir-birinə o qədər sıx yapışıblar ki,hətta zərif günəş şüaları da keçə bilmir aralarından.

Bax belə bir gözəlliyi keçib dağ yoluna üz tuturam. Burada isə dağlardan əsən buz kimi külək üşüdür adamı. Yollar elə hey uzanır, dolanır və sənə elə gəlir ki, bu yolun sonu yoxdur.

Xeyli getdikdən sonra qarşımda gözəl bir mənzərə yarandı.

Çiçəklərin rəngi o qədər gözəldir ki, sanki qarşımda iri bir xalça sərilib.

Mən maşını saxlayıb bu gözəlliyi seyr etmədən gedə bilmədim.

Bura qoruq deyildi,amma ucu bucağı görünməyən bu düzün hər bir çiçəyinin öz rəngi, öz gözəlliyi var.Dayanıb siqaret çəkmək istədim, amma bu abı-havanı, bu gözəlliyi siqaret tüstüsüylə zəhərləmək günah idi.Maşına söykənib xəyala daldım.

- Sən rəssam olsaydın nə çəkərdin ,Xəyal?

- Sənin şəklini. Sənin gözəlliyini.Sənin saçlarını.

- Bəs rəssam olmasan?

-Səni sevərdim, bütün günü başına dolanardım.

Bu dialoqu ömrümün lap gənc vaxtlarından indiyə kimi qoruyub saxlamışam.

Bu mənim ilk məhəbbətimlə dialoqum dur. Heç kimi sevə bilmədim onu sevdiyim kimi. Yaşasaydı indi onun da mənim kimi 54 yaşı olardı. Amma heç 30- a da çatmadı. Həmişə yadıma məhs bu dialoq düşür,çünki rəssam olmaq istəyirdi. Təbiəti, çiçəkləri dəlicəsinə sevirdi. İndi burda olsaydı bu çiçəklərin arasında qaçar sonra da mütləq bir tablo yaradardı.

- Siz də rəssamsınız?

Gözlənilmədən bir qadın səsi məni xəyaldan ayırdı.

Bu incə səs gələn tərəfə çönüb bir əliylə iri etüd qabını o biri əli iləsə iri bir çantanı arxasıyla sürüyən qeyri-adi geyimli bir qadın gördüm.Qadın o qədər ekstravaqant geyimdəydi ki, onun yaşını heç təxminən də təyin etmək olmurdu.

Gözlərindəki qara gün eynəyi onun həm gözlərini həm də yaşını tam gizlədirdi.

- Xeyr,- deyə mən yuxudan ayılmış kimi ona cavab verdim.

- Siz rəssamsınız! Ancaq bütün rəsmlərinizi qəlbinizdə çəkirsiniz. Baxın , bu gözəlliyi durub belə seyr edirsinizsə deməli rəssamsınız. Axı hər adam bunu görmür.

- Ömrümdə əlimə fırça alıb nəsə çəkməmişəm,amma təbiəti çox sevirəm. Siz isə rəssamsınız eləmi?

- Rəssam Tahir Salahovdur, rəssamTofiq Ağababayevdir.Mən isə elə belə, ruslar demiş, "dlya duşi".

Qadın çantasını otların üstünə qoyub

"Şahnur!"- deyə

əlini mənə uzatdı.

Mən də bir addım irəliləyib onun əlindən tutub :

- Xəyal! - dedim.

Qadın bir qədər tutularaq:

-Xəyal?!- deyə soruşdu.

-Bəli,adım Xəyaldır, - deyə mən cavab verdim.

- Bu lap möcüzədir!- deyə qadın təəccübləndi,lakin, bu təəccübün səbəbini nə o dedi, nə mən soruşdum.

- Yəqin qonaq gəlmisiniz? Mən sizi buralarda görməmişəm heç vaxt,- deyə qadın məni yüz il tanıyırmış kimi söhbətə başladı.

- Əslində burda yolüstüyəm. Yolum uzağadır,- deyə mən cavab verdim.

- Aydındır.Yolunuz açıq olsun.Mən gedim. Siz də yolunuza davam edin.

- Uzaq gedirsiniz? Aparım sizi maşınla.

- Mən bura hər gün gəlirəm bax, o kənddən.

Burda eskizlər edirəm sonra evdə işləyirəm. Piyada gəlib gedirəm.

- Bəlkə bu gün bu qaydanı pozasınız?Oturun maşına!

- Bir şərtlə! Mənim dəmlədiyim bir fincan çayı içəcəksiniz.

- Olar. Niyə də yox? - deyə mən razılaşdım və əyilib qadının ağır iri çantasını götüdüm.

Kənd o qədər də uzaq deyildi. Maşında dialoqumuz çox qısa oldu.

Şahnur xanım evinin yerini göstərdi mən də tanımadığım yollarla maşın sürməyi sevmədiyimdən bir qədər gərgin idim.

Kəndin düz girəcəyində birmərtəbəli çox səliqəli bir evin qarşısında saxladım maşını. Şahnur xanım evin atasının ona hədiyyəsi olduğunu dedi .

Mən qadının yükünü həyətə qoyub maşını kənara çəkib bağladım.

Şahnur xanım çox sakit və təmkinli idi. O, özünü elə aparırdı ki, güya mən buraya birinci dəfə deyil, ən azı, beşinci dəfədir gəlirəm.

Biz həyətdə əllərimizi yuyub sərinlədikdən sonra Şahnur xanım məni evə dəvət etdi.

Zahirən adi bir kənd evi olsa da daxili tam fərqli idi bu evin.Divarlarda asılan rəsm əsərləri,qeyri-adi formada stol,divanın üstündə pərakəndə şəkildə sərilmiş butalı parça. Bütün bu əşyalar qəribə bir rənglər qarışığı əmələ gətirsə də, gözə dəqiq tünd rənglər daha tez çarpırdı. Yəni otaqda rəssam əli gəzdiyini o saat hiss etmək olurdu.

Şahnur xanım evə daxil olduqda gözlərindəki qara eynəyi çıxarıb stolun üstünə qoydu. Mən bayaqdan maraqla bunu gözlədiyimdən qadının gözlərini görmək istədim. O, sanki bunu hiss edərək düz gözlərimin içinə baxdı və:

- Deyirlər gözlər qəlbin aynasıdır. Amma mən inanmıram. Qəlbin aynası yoxdur. Qəlb elə dərindədir ki, onu heç bir göz əks etdirə bilməz. Baxın,mənim gözlərim o qədər şən və işıqlıdır ki, baxan deyər bunun heç dərdi yoxdur. Hamı elə də bilir. Ona görə onları bağlayıram eynəklə.

Qadının iri yaşıl gözləri o qədər gözəl və cazibədar idi ki,mən hətta bir qədər özümü itirib :

- Çox gözəl gözləriniz var!- dedim.

Şahnur xanım dediyim sözlərə cavab vermədən mənə otağın küncündə qoyulmuş kresloların birində yer göstərdi və:

-Bu ev mənim arzumdur. Arzuya qədər insan uzun bir yol gedir adətən. Mən tez çatdım, çünki atam məni anladı və bu evi mənə aldı. Burada hər bir əşya onu xatırladır. Bu ev həm də xəyallarımdır mənim. Burada hərdən daldığım xəyallar məni yaşadır,mənə güc verir... - dedi.

Mən susurdum. Cəmi yarım saat bundan əvvəl tanış olduğum bu qadın mənimlə elə danışırdı ki,sanki biz illərin dostlarıydıq.

- Gözəl evdir!- deyə nəhayət mən də dilləndim. Atanız ...

- Atam da oğlum da məni tək qoyub köçdülər bu dünyadan.

- Bağışlayın. Mən..

- Siz oturun, mən indi çay gətirim.

Şahnur xanım bir neçə dəqiqə ərzində şahanə bir çay süfrəsi açdı.

Zövqlə düzülmüş əşyalar, fincanların rənginə düşən süfrə. Və pürrəngi çay.

- İçin! Buyurun!

- Şahnur xanım, siz məni tanımadan, bilmədən evinizə dəvət etdiniz. Sizə təşəkkür edirəm.

- Mən sizi tanıyıram.

- Necə yənı?

- Bəli. Mən insana baxan kimi onun daxilini görürəm. Siz pis insan deyilsiniz. Oğru deyilsiniz. Qatil deyilsiniz.

Təbiəti sevməyi bacaran insan heç vaxt pis ola bilməz.

- Təşəkkür edirəm. Çox sağ olun!

-İçin çayınızı.

Mən çayımı içdim. Sonra bir qədər özümdən danışdım. Ailəmdən ayrı yaşadığımı, uzun müddət səhhətimdə problem olduğunu danışdım. Oğlumla həyat yoldaşımın xaricdə yaşadıqlarını dedim. Hazırda ata- baba yurdunu ziyarətə getdiyimi dedim və ayağa qalxdım.

-Yolçu yolda gərək. Mən gedim!- deyib durdum.

Şahnur xanım məni yola saldı və:

- Bilin ki,bu balaca kənddə bir eviniz var. Yolunuz buralardan düşsə gəlin,- dedi.

Mən qapıdan çıxanda Şahnur xanım mənə kiçik bir rəsm də bağışladı.

- Bu mənim əsərimdir. Burada çəkilənlər də mənim xəyallarımdır. Bəlkə də siz bəyənməyəcəksiniz və burda rənglərdən başqa heç nə görməyəcəksiniz. Amma mən orda çox şey çəkmişəm. İstəyirəm sizin olsun.

Mən rəsmi götürüb yenə də minnətdarlığımı bidldirdim və sükan arxasına keçdim.Sonra maşından düşüb Şahnur xanıma yaxınlaşıb onun əlindən öpdüm. Və yalnız indi onun əllərinin qırışlarını görüb "qadının yaşını əlləri bildirir" ifadəsini yadıma saldım.

Şahnur xanım sanki mənim fikirlərimi oxuyurmuş kimi:

- Hə. Artıq cavan deyiləm mən, bu il 57 yaşımı qeyd etmişəm- dedi.

- Siz çox gözəlsiniz, Şahnur xanım!- deyib ondan ayrıldım.

Yol boyu nələr olduğunu, nədən tanımadığım bir qadının evinə gedib onun çayını içdiyimi düşünürdüm. Ailəmdən ayrılandan sonra qadınlarla az təmasda olurdum.

Hesab edirdim ki, həyatın hər üzünü görmüşəm . Gənc yaşlarımda bir sinifdə oxuduğum qızı dəlicəsinə sevib onu itirdim. Lakin o öləndən sonra onu heç unutmadım. Sonralar yoldaşımla tanış olub evləndim. Oğlumuz oldu, ancaq, mən onu sevə bilmədim. Bəlkə bu bir qədər qəribədir, amma mən sonra heç bir qadınla ciddi yaxınlıq edə bilmədim. Ötəri, müvəqqəti əlaqələr kifayət qədər olsa da, daxilimdə həmişə bir boşluq hiss edirdim.

Bu gün bu qadınla, özü də məndən yaşda böyük bir qadınla,artıq sevgidən məhəbbətdən danışmağı unutmuş bir qadınla təmas mənim ürəyimdə sanki çoxdan ölmüş hisslər oyadırdı. Bu bir təsadüfmü?

Rayona getməyimin əsas məqsədi atamın və anamın qəbrini ziyarət etmək idi. Qohumlarla görüşüb ata-baba evimizə getdim. Uşaqlıq xatirələri yenə həmişəki kimi kövrəltdi məni.Sonra qəbirləri ziyarət etdim.

Burada keçirdiyim iki gün mənim ömrümü bəlkə beş il uzatdı. Səhər tezdən Bakıya yola düşəcəyimi bilirdim. Hamıyla görüşdüm və çox yorğun halda çarpayıma uzanıb yuxuya getdim.

Yuxuda Şahnur xanım məndən rəsmini bəyənib bəyənməməyimi soruşdu. Mən əlbəttə çox bəyəndiyimi dedim . O isə:

- Sən heç o rəsmə diqqətlə baxdınmı?- deyə soruşdu.

Mən həmin rəsmi beynimdə canlandırdım sonra birdən yerimdən sıçrayıb işıqları yandırdım və rəsmə diqqətlə baxdım.

Rəsmə diqqətlə baxdım.İlk baxışdan rənglər burulqanını xatırladan bu rəsmin içində iki əl-ələ tutub üzlərinə vuran küləyə müqavımət göstərərək irəlilyən insan şəkli var idi. Onlardan biri qadın, digəri isə kişi idi.

Onlar artıq qocalmış, taqətdən düşmüş görünsələr də, irəliləmək əzmi açıq aydın gözə çarpırdı. Rəsmin altında isə kiçik hərflərlə "Şahnur "və "Xəyal" sözləri yazılmışdı.

Mən rəsmə daha diqqətlə baxdım.

Şahnur xanım bu tezliklə belə bir rəsm çəkə bilməzdi. Deməli,çoxdan çəkilib, -deyə düşündüm və sonra lap kiçik bir yazını da oxuya bildim. Bu şəkilin çəkilmə tarıxi idi.

Rəsm düz on il öncə çəkilmişdi.

Mən siqaret yandırıb eyvana çıxdım. Geçənin qaranlığı və sakitliyi onsuz da insanı düşünməyə vadar edir. Mənim isə düşünməyə xeyli əsasın var idi.

Lakin mən düşünmədim. Gecə ilə yola çıxdım. Heç nəyi nəzərə almadan maşını iki gün əvvəl olduğum kəndə sürdüm. Kəndin girəcəyindəki evin qarşısında maşını saxlayıb qapını döydüm.

Evdə heç kim yox idi. Qapıdan iri bir qıfıl asılmışdı. İşıqlar da yanmırdı.

Mən dəli olurdum sanki. Bu ola bilməz. Cəmi iki gün. Axı o bilməliydi ki,mən qayıda bilərəm!- deyə ürəyimdə danışırdım. Lakin, heç nə etmək mümkün deyildi.

Mən sükan arxasına oturub Bakıya yollanmağı qərara aldım. Artıq səhər açılırdı. Kənd yavaş- yavaş oyanırdı.

Birdən, sanki kimsə mənə Şahnuru ilk dəfə gördüyüm o güllü-çiçəkli düzə get dedi.

Mən maşını düz ora sürdüm.

Şehli çiçəklərin arasında dümmağ paltarda Şahnuru gördüm. O, o qədər gözəl görünürdü ki,sanki göydən gəlmiş mələk idi. Ağ libas və başına bağladığı ağ örpək ona çox yaraşırdı. Mən onu görüb o qədər sevindim ki, maşından düşüb ona tərəf qaçdım. Ona yaxınlaşıb cəmi iki gün öncə tanıdığım qadını bağrıma basıb üzündən, gözlərindən sonda isə dodaqlarından öpdüm.

O müqavimət göstərmirdi.İncə əllərini mənim ağ saçlarımda gəzdirərək:

- Xəyal,səni çox gözlədim. Düz on il. Ancaq adının da Xəyal olacağını heç düşünməzdim. Bu möcüzədir! -dedi.

Mən onu qollarım üstünə alıb maşına gətirdim.

Sonra biz Şahnurun evinə gəldik.

Gecəni orada qalıb səhər Bakıya yollandıq. Uzun illərdən sonra sevib sevilməyin nə olduğunu bu qeyri-adi qadın mənə yenidən anlatdı.

Sonradan bildim ki, Şahnur gənc yaşında bir insanla evlənib oğlu olduqdan sonra ondan ayrılıb və ömrünü oğluna həsr edib, lakin bir gün atasıyla oğlu

dənizə gedib və ikisi də qayıtmayıb.Şahnur onların ikisinin də birdən yoxluğuna heç inana bilməyib.

Qəlbinin dərinliyundə isə həmişə bir insanı xəyalən canlandırıb ideallaşdırıb və onu gözləyib. Həmin insan da mən olmuşam. Təsadüfə baxın ki, adım da Xəyaldır.

Əgər bu əhvalat öz başıma gəlməsəydi ,və bunu mənə kimsə danışsaydı heç vaxt inanmazdım və qeyri- real bir nağıl kimi qəbul edərdim. Amma indi...

Mən bu hadisələrin real iştirakçısıyam və Şahnuru dəlicəsinə sevirəm. O isə öz incəliyilə, məğrurluğuyla, sevmək bacarığıyla həqiqətən sevilməyə layiqdir.

Şahnur rəssamdır. Əsərləri bir çox sərgilərdə nümayiş edilir. Həmişə ön planda onun"Xəyal"əsəri görünür və insanların diqqətini cəlb edir.Hətta onu pul təklif edib almaq istəyənlər də olub.

Bu əsərin qiymətini isə yalnız biz ikimiz bildiyimizdən onu heç vaxt satmadıq. Axı bu rəsm Şahnurun xəyala doğru addımladığı əzablı və sevgisiz ömrünün əksi idi. Və uzun illər sonra bu əzəmətli qadının öz sevgisinə qovuşmasında da bu rəsmin böyük əhəmiyyəti var idi.

Həyat sürprizlərlə doludur.Sənə nə və nə zaman təklif olacağını heç vaxt bilmirsən. Bəzən sən artıq həyatdan əlini üzüb qocalığa doğru addımladığın yerdə həyat sakitcə qulağına pıçıldayır:

"Hələ son deyil"..