Könül Nuriyeva - Əgər Niobe övlad həsrəti çəkən qayadırsa
Mən bu şeiri çox bəyəndim:
Əgər Niobe övlad həsrəti çəkən qayadırsa,
Mümtaz Mahal on üç rəqəminin nəsindən qurtarıbsa,
On dörd onu öldürübsə
onlarda aramıram ki, çarəni,
onlar başa düşməzlər məni…
Yalnız sən Rumi, sən anlayarsan bir qadını
Sən olduğu kimi qəbul edərsən adamı
Bütün gizli qorxularımı bilərsən
Nə olur olsun, “gəl!” deyərsən…
Bağışlayarsan qüsurlu təbiətimi,
mən demədən, görərsən qaranlıq tərəfimi,
sən sözlərlə əridə bilərsən nifrətimi
yalnız sənə danışa bilərəm əzabımı.
Bəlkə də danışmadan sən anlarsan
əlində aciz qaldığım təzadımı!
İllərdir sən görürsən
yaddaşımda işığı izləyən qaranlığı,
axı nə edim?
Qaçaq düşüb
tapa bilmirəm aydınlığı.
Şükr edirəm ki, sevdiyim kişi
başa düşür torpağı…
Yəni, mənim o biri adımı.
Bəzən yüz insanın başa düşmədiyini
anlayar bu dünyanın bir torağayı…
Hansı qadın anlayar o birini?
Çətinə düşən kimi
biri o birinə atar kirini.
Yalnız sevən kişi
illərlə bir qadına görə basa bilər səbrini!..
Gülməsələr, görməsələr,
hər gün öpər
sevdiyi qadının qəbrini.
Görəsən, kişi həqiqi sevəndə
harda gizlədir tükürpədən sərtliyini?
Bağlandığı qadını itirəndə
ilk dəfə görmüşəm
necə olur bir kişinin pərtliyi…
Gəzdirdiyi həyat ağırlıq edər onun çiyinlərinə
ürəyi ağrıyanda loğmana getməz,
eləcə ilgəy atar ağrıyan düyünlərinə.
Mən necə başa salım
Niobeyə,
Mümtaz Mahala?
Göründüyü kimi deyil olanlar,
ağlamır ki, hər gözləri dolanlar
Rumi ola bilmir ki, doğulanlar
kimisə ürəkdən sevə bilmir ki,
həyatın çılpaqlığında boğulanlar…
Başqa sözlə desəm,
yəni bədbəxt doğulanlar!
Könül Nuriyeva