İbrahim Yusifoğlu - DÜZDƏ QALDI

Ədəbiyyat 12:45 / 26.08.2026 Baxış sayı: 148

 

Mənim yerim dağlar idi,

Üz çevrib düzə çıxdım.

Elə çılğın çağlar idi,

Sevinirdim - üzə çıxdım.

 

Gözü yolda qoyub gəldim,

Hürkək baxan ceyranları.

Daşda səkən kəkliklərin

Çox olmuşdum heyranları,

Qulağımda sərt qartalın,

Məğrur səsi-qıyı qalıb.

Xəyalımda kəhər atın,

Kişnərtisi haray salıb.

Səhər mehi oxşamayıb

Mənim qədər heç bir kəsi.

Balasıtək layla çalıb

Bulaqların zümzüməsi.

Görən kimi vurulmuşam,

“ƏRDAĞI”nın lalasına.

Heyranlıqla qovuşmuşam,

Lalə, nərgiz talasına .

Sevgi, istək yaşadardı,

Hər bir kəsin ürəyini.

Qonaq-qara hey dadardı,

Süfrəmizin çörəyini.

Bir qız vardı-qarabəniz,

Xasiyyəti quzu kimi.

Günahimdan əridi o,

Ötən ilin buzu kimi.

Bu həyatda saf sandığım,

Zirvələrə yağan qardı.

Ən qiymətli var sandığm,

O dağlarda anam vardı.

...Mənim obam dağlar idi,

Dövran bizi ayrı saldı.

O qədər arzum var idi,

Hər birisi düzdə qaldı.