Tahir Rzayev, Komitə sədri" - İmzalanan sənədlər gələcək üçün çox aydın yollar açır"
"Azərbaycan və Özbəkistan tarixən bir-birinə dost, qardaş respublikalar kimi tanınıb və bu əməkdaşlığın, dostluğun təməlini ulu öndərimiz Heydər Əliyev uzun illər bundan əvvəl qoyub. Çox yaxşı və sevindirici haldır ki, bu gün həmin əməkdaşlıq və tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir".
Yenisess. az xəbər verir ki, bunu mətbuata açıqlamasında Komitə sədri Tahir Rzayev deyibdi.
O vurğuladı ki, hələ 30 il bundan əvvəl ulu öndərimizin Özbəkistana səfəri zamanı Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı bir-birinə bağlayan Trans-Qafqaz nəqliyyat dəhlizinin yaradılması haqqında ideyalar səsləndirilib:
"Bu gün həmin ideyaların həyata keçirilməsi üçün çox uğurlu addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfəri zamanı da bu ideyaların həyata keçirilməsinin vacibliyi bir daha qeyd edildi və bildirildi ki, Özbəkistanla Azərbaycanın birliyi nəinki region, Cənubi Qafqaz və Mərkəzi Asiya, eləcə də Avropa ölkələri üçün çox böyük əhəmiyyətə malikdir. Bu gün Özbəkistanla Azərbaycan arasında çox mühüm sənədlər imzalanıb: strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə, müttəfiqlik münasibətləri haqqında müqavilə, Ali Dövlətlərarası Şuranın təsis edilməsi, Birgə İnvestisiya Şirkətinin yaradılması və digər çox mühüm məsələlər hər iki dövlətin və xalqların milli maraqlarına uyğundur. Bu istiqamətdə həyata keçirilən tədbirlər və görülən işlər bilavasitə ölkələrin iqtisadi inkişafına, xalqların xoşbəxtliyinə xidmət edir. Azərbaycanla Özbəkistan arasında nəqliyyat, logistika, energetika sektoru, yaşıl enerji sahəsi, mədən xammalı, təhsil, media, kənd təsərrüfatı, turizm və digər sahələrdə çox mühüm sənədlər imzalanıb. Əlbəttə ki, bu sənədlər gələcək üçün çox aydın yollar açır və qarşıya qoyulan vəzifələr bilavasitə iqtisadi inkişafın sürətlənməsinə yönəldilib".
Millət vəkilinin sözlərinə görə, iki dövlət arasında ticarət dövriyyəsi getdikcə artır və əvvəlki illə müqayisədə keçən il ticarət dövriyyəsinin 3 dəfə artması uğurlu nəticədir. İkitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması bu gün qarşıya qoyulan vəzifələrdən biridir.
"Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsində və təşkilatlanmasında mühüm rol oynayan bir dövlətdir. Özbəkistanın da bu prosesdə yaxından iştirak etməsi bilavasitə Türk dövlətlərinin gələcəkdə böyük bir platformaya və qüvvəyə çevrilməsinə zəmin yaradır. Bu istiqamətdə görülən tədbirlərə hər iki ölkənin rəhbəri, cənab İlham Əliyev və Şövkət Mirziyoyev böyük diqqət göstərir. Əlbəttə ki, Türk dünyasının birliyi həm də ölkələrin iqtisadi inkişafı, milli təhlükəsizliyin təmin olunması, insanların rifahı və xoşbəxtliyi üçün böyük önəm kəsb edir. Prezidentlərin mətbuata bəyanatında və ölkəmizin rəhbəri cənab İlham Əliyevin müsahibəsində də bu məsələlər çox geniş şərh olundu.
Əbədi dostluq haqqında iki dövlət arasında imzalanan müqavilə gələcək üçün çox böyük perspektivlər və imkanlar yaradır. Onsuz da bu ölkələr dost idi və əbədi dostluq haqqında müqavilənin imzalanması bu dostluğa, qardaşlığa və əməkdaşlığa yeni məna və yeni önəm verir. Sözsüz ki, ölkə rəhbərinin səfəri, ölkəmizdə gedən inkişafa verilən qiymət, Özbəkistan Prezidenti tərəfindən səsləndirilən fikirlər, eləcə də Özbəkistanın inkişafının dəyərləndirilməsi xalqların dostluğu və qardaşlığı üçün bir zəmanətdir. Bu bünövrə gündən-günə möhkəmlənir və əlbəttə ki, bu amalın, bu inamın uğurlu olması həm iqtisadi inkişafımıza, həm də milli təhlükəsizliyimizə və qardaşlığımıza yeni imkanlar yaradır"