Sevinc Qərib - QAN AĞLAYIR YETİM QALAN ƏLLƏRİM

Ədəbiyyat 14:16 / 26.08.2026 Baxış sayı: 437

 

Çəkilib çiynimdən ata əlləri,

daha o dodaqlar alnımı öpmür.

Aldada bilmirəm dəli yelləri,

Atam yollarıma dualar səpmir.

Duyulmur evimdə isti nəfəsi,

soyuyub divarım, buz tutub daşım.

Sıyırıb əynindən yaşam həvəsin,

acımın önündə əyilir başım.

Qara dərdin ağ izləri saçımda,

üsyan edir sığal uman tellərim.

Darıxıram, dilə gəlir saçım da,

qan ağlayır yetim qalan əllərim.

Mən ruhumun qəm üzünə bələdəm,

salxım-salxım yaşa dönər gözümdə.

Hər ağrını bir sevincə bələdim,

bir bu dərdə tab tapmıram özümdə.

Göynək tutar bu yaram heç sağalmaz,

qəhər dağı böyüdərəm içimdə.

Kədər yeyər bu ömür də sağ qalmaz,

hər gün bir az yox oluram içimdən...