Bəhram Bilaloğlu - Həqiqi məhəbbət...

YAZARLAR 17:52 / 26.08.2026 Baxış sayı: 157

Həqiqi məhəbbət yalnız bir-birinə baxanda gözlərin danışması, ürəyin sürətlə döyünməsi deyil. Həqiqi məhəbbət həyatın bütün üzlərini birlikdə qarşılamaqdır. Sevinc gələndə sevinci bölüşmək, kədər gələndə bir-birinin çiyninə söykənməkdir.

İnsan gənc olanda məhəbbəti daha çox arzularla ölçür. Gözəl sözlər, xoş baxışlar, birlikdə qurulan xəyallar... Lakin illər keçdikcə insan anlayır ki, sevginin əsl imtahanı rahat günlərdə deyil, çətin günlərdə başlayır. Süfrədə az çörək olanda onu bölə bilmək, kirayə evin dar otağında belə xoşbəxtlik tapa bilmək, xəstəlikdə bir-birinin başında dayanmaq, yorğun halda belə “necəsən?” deməyi unutmamaq – məhəbbətin əsl ölçüsü budur.

Bəzən bir evin divarları böyük olmur, amma içində böyük bir sevgi yaşayır. Bəzən süfrədə çox nemət olmur, amma iki insan bir tikəni böləndə həmin süfrə dünyanın ən zəngin süfrəsinə çevrilir. Çünki evin var-dövləti əşyaların çoxluğu ilə deyil, ürəklərdəki istiliklə ölçülür.

Həqiqi məhəbbət illər keçdikcə qocalmır, əksinə, dərinləşir. Gənclikdə sevən insan sevgilisinin gözəlliyinə baxır, illər sonra isə onun keçdiyi yollara baxır. Üzündə yaranan hər qırışda birlikdə yaşanmış bir ilin izini görür. Saçına düşən hər ağda bir xatirə, bir zəhmət, bir ayrılmazlıq oxuyur.

Sevgi qatar kimidir. Bəzən yol hamar, bəzən enişli-yoxuşlu olur. Bəzən pəncərədən günəş görünür, bəzən yağış yağır. Amma iki insan eyni qatardadırsa, əsas məsələ yolun necə olması deyil, yolun sonunda kimin yanında qalmasıdır.

Həyatda hər şey dəyişir: evlər, şəhərlər, insanlar, illər... Dünənki gənclik bu gün xatirəyə çevrilir. Amma həqiqi məhəbbət bütün bu dəyişikliklərin içindən keçərək insanın yanında qalır. Çünki həqiqi sevgi bir günün hissi deyil, bir ömrün məsuliyyətidir.

Bəlkə də insanın həyatda qazandığı ən böyük sərvət budur: illər sonra dönüb geriyə baxanda “Biz hər şeyi birlikdə yaşadıq” deyə bilməsi.

Həqiqi məhəbbət rahat günlərin dostu deyil. O, çətin günlərin sınağından keçən, zamanın əlindən tutub qocalığa qədər gedən bir yol yoldaşıdır. Və insan ömrünün sonunda anlayır ki, sevgi ən gözəl söz deyilmiş —bir ömrü birlikdə yaşamaq imiş.