Əlizadə Nuri - Tənha qadın
Xatirələr çay kimi,
Tökülər yaxasından.
İşığı oyaq qalar
Gecənin qorxusundan.
Yada düşər o günlər,
Köhnə bayatı kimi.
Əlindən saldığı qab
Sınar həyatı kimi.
Çiçək gətirən də yox,
Yoxdu onu yoxlayan.
Divar kağızındakı
Çiçəkləri qoxlayar...
Kim gəlib götürəcək,
Bu kədəri üzündən?
Göy üzü də diksinər
Qəfil hönkürtüsündən.
Bir doğma zəng gözləyər,
Sağ əli qaşındadı...
Bəlkə elə xoşbəxtlik
Xəttin o başındadı?
Kim ağladıb şamını,
Kim hönkürüb baxtına?
Hər gecə yuxusunu
Qurar azan vaxtına.
...Uçub gedər o quş da,
Quş da xətrinə dəyər.
Onun pəncərəsini
Yağışlar dimdikləyər..