Səyyar Bayat - Dünyanın heç bir yerində, heç bir ulusunda...

Gündəm 08:41 / 07.11.2026 Baxış sayı: 845

Bir dünya gözəli çıxdı meydana,

Bağrımın başında buz oynatdılar.

Əridim, töküldüm, əsdim, titrədim,

Elə bil sinəmdə köz oynatdılar.

Ani bir baxışla gəldik üz-üzə,

Kimdi bu ceyranı buraxan düzə?

Biri mələk dedi, biri möcüzə,

Şairlər ortada söz oynatdılar.

Ürəyə od axdı, damara işıq,

Dəydi bir-birinə xanəndə, aşıq.

Bu nə tamaşaydı, bu nə yaraşıq?

Gözlər baxa-baxa göz oynatdılar.

Can çiçək olanda nəfəs tər olar,

Dodaq bal olanda yanaq zər olar.

Dedilər: "Məclisdə bədnəzər olar" - ,

Çevirib başına duz oynatdılar.

Bir sərgi yaradıb qızdan, qadından,

Allah danışırdı eşqin adından.

Bu toy Zəlimxanın çıxmaz yadından,

Bu toyda bir gözəl qız oynatdılar.

Dünyanın heç bir yerində, heç bir ulusunda Türk yurdu, Türk ulusu, Azərbaycan xalqı kimi qadına, xanıma, gözələ, gözəlliyə bu cür dəyər verən, onu tərənnüm edən, vəsf edən, tərif edən, əziz tutan, ona sevgi, məhəbbət verən, can fəda edən yurd, ulus, xalq yoxdur!

Sözə bax, söz sənətinə bax:

"Allah, bu toyda bir gözəl qız oynatdılar,

Elə bil sinəmdə köz oynatdılar!"

Təkcə bu iki misrada bir ömür, bir həyat var. Ki, bunu yazmağa, dilə gətirməyə istedad gərək!

Zəlimxan Yaqub bu istedada sahib idi.

Zəlimxan əfəndi, sözün, söz sənətinin əfəndisi idin və Allah şahiddir ki, bu cümləni yazarkən gözlərim yaşardı. Yox, yoxluğuna yanmıram, hamımız bir gün yox olacaq! Yanıram ki, kaş sən... Ruhun şad olsun!

Yuxarıdakı misrada ALLAH sözü misranın, şeirin məzmununu, təsir gücünü xüsusi mənada artırır, aşiqin sinəsindəki sevginin gerçək olduğunu bildirir!

Aşiq toyda oynayan gözələ, ondakı gözəlliyə bir anda elə vurğun, məftun olur ki, bu sevgisinə sanki Uca Allahı şahid tutur. Həm də sinəsinə düşən közdən ötrü Ondan imdad, kömək diləyir! Həmin misrada Uca Allaha həmd müraciət var, həm də şahidlik!

"Allah, bu toyda bir gözəl qız oynatdılar,

Bağrımın başında köz (buz) oynatdılar!

Yandı! Gözəl, gözəllik qarşısında aşiqin bağrına köz düşdü, sinəsi yandı!

Kənd toylarındakı məqamlar düşür yada: gözəl, gözəllik görəndə, həqiqətən, vücud titrəyir, sinəyə həyəcan dolurdu...

Hələ bir də, Dədə Ələsgər deməli, tel üstündə kəlağayısı olan gözəl oynayırdısa... Bahoo! Ay oğlan, indi yan, yaxıl, dur orda! Zalımın qızı, Allah saa insaf versin..!

Maşallah müəllim, yanma görüm, necə yanmırsan?!

Bir dəfə bir toyda özümün özümə yazığım gəldi..! Adam da elə yanıb-yaxılarmış, əyə?!

Nə ola, əvvəlki çağlardakı dəyər, gözəllik, sevgi, sayğı indi də ola! Olar, Vallah olar, Billah olar. Təki, kökə, əzələ qayıdaq! Türkün törəsinə sahib çıxaq!!!

"Allah, bu toyda bir gözəl qız oynatdılar,

Bağrımın başında köz oynatdılar!"