Şakir Xanhüseyinli - BİR GÜNAHDAN MİNİ TÖRƏR
BİR GÜNAHDAN MİNİ TÖRƏR
Dönməzmi dövran deyirsən;
en yuxarı, qalx aşağı,
Kəsilməzmi qapılardan
qəmin, kədərin ayağı...
Dərindədi dərd dağları;
bu qabaca, sərt dağları
Yıxmazmı,
sinə ahları
qopmazma tufansayağı?
Biri yer, biri baş əkər,
candakı bu nə səksəkə;
Birdən-birə yata, çökə
qorxasan ömrün dayağı.
Qəlb evinə işıq düşməz,
gün altında dolan, ha gəz.
Gəz, özünə bir yuva gəz;
gör kim kimə qəm ortağı.
Küllük eşərsən kül çıxar,
indi gözlə ki, gün çıxa.
Bayıra bir burun çıxar,
çiynində bitər bəy tağı...
Bir günahdan mini törər-
beşər-beşər, birər-birər.
Çəkib çıxarar hansı əl
köksündən paslı bıçağı?
Göz açıb görürsən yuxu;
nədir bu göz açıqlığı.
Sağ-sol gedən saçar qorxu;
bilinməz ki, solu, sağı.
Hər sayılan saydan deyil,
nə deyirsən aydın deyil.
Hamı bir nuzam istəyir,
yalan-dolan çoxdu, axı.
Kimə bəlli harda nə var,
çoxu ovucunu yalar.
Bir ucdan artar, çoxalar
qəlblərin də his-pasağı...