Aləmzər  Sadıqqızı - Vətən.

Ədəbiyyat 10:48 / 07.11.2026 Baxış sayı: 773

 

İndidən darıxdım getmir ürəyim...

Gedirəm mən səndən gələnə qədər.

Bir ovuc göz yaşı, bir az sənsizlik,

Götürdüm yoluma dönənə qədər.

 

Səninlə yandirdım bu şam ömrümü,

Səhər könlün aldım axşam ömrümün,

Hələ pərvanəsiyəm nakam ömrümün,

Eşqinlə yanacam sönənə qədər...

 

Sən mənim dünyada ən uca dağım,

Sevgilim, sevincim, ruhum və canım.

Aldiğim nəfəsim , bədəndə qanım,

Mən səni sevəcəm ölənə qədər!

 

Ömür bir sehrli taxtdı əzəldən,

Ağladıb güldürən baxtdı əzəldən

Bir həsrət könlümü yıxdı əzəldən,

Dözüb dayanacam yenənə qədər.

 

Aləməm mən səni gözəl sevirəm,

Yolunda canımı qurban deyirəm.

Vətən, ürəyimi sənə verirəm,

Qaytarıb özümə verənə qədər...

30.4.2015.