Tələbə adını qazanmaq  eşqi ilə yaşayırdı amma ömür vəfa qılmadı...

MƏMLƏKƏT 16:19 / 04.02.2024 Baxış sayı: 1228

 

Söhbət düz yeddi gün öncə ailəsini və məktəbli dostlarını, müəllimlərini  birdəfəlik tərk edib mələklərin çiynində haqqın dərgahına üz tutan nur üzlü Nuray Üzeyir qızı Əmirlidən gedir.  2009-cu ilin mayın 3-də Cəlilabadın  Hacı Cavad kəndində dünyaya göz açmışdı Nuray. Ağlı kəsəndən, dili söz tutandan öyrənməyə can atan Nuray, əvvəlcə ailədə sonra isə qədəm basdığı birinci sinfdən müəllimlərinin könlünü ram etdi- ağılı, tərbiyəsi, intellektual səviyyəsi ilə. Zaman keçdikcə bu bacarığı, biliyi onu kənd məktəbindən çox-çox uzaqlara gətirib çıxarmışdı. Artıq 4 il idi ki, Nuray Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan güclü maddi-texniki bazaya malik, özünəməxsus qalibiyyət ənənələri olan  Biləsuvar Baxça-Məktəb-Lisey Kompleksinin şagiridi idi. Ömür vəfa qılsaydı bu ilki tədris ilində IX sinfi başa vuracaqdı.  Amma bitib-tükənməyən sonsuz arzuları tək, yarımçıq qalan tələbə olmaq arzusunu da özü ilə apardı Nuray . Dərs əlaçısı idi, tərbiyəsi, nizam-intizamı ilə həmişə fərqlənirdi deyir, kimya müəllimi Vüsalə Pənahova. “Nuray bütün müəllimlərinin qəlbinə yol tapmış, etimadlarını doğruldan şagirdlərdən idi. IX sinflərin humanitar qrupunda təhsil alırıdı, ən yüksək akademik göstəricisi olan şagirdlər sırasında idi.  İxtisasını isə buraxılış imtahanlarını verəndən sonra seçəcəkdi, Nuray qızımız.”

 Bu ilin yanvarın 29-da onun qəfil xəstəlikdən qısa vaxtda, elə qəfil dünyasını dəyişməsi, nəinki doğmalarını, əzizlərini, Nurayı ailəsi qədər sevən, onun parlaq gələcəyinə böyük ümidlər bəsləyən  təhsil aldığı Kompleksin bütün müəllim və şagird kollektivini də kədərə bürüdü.

 Onun yoxluğuna barışa bilməyən, ailənin dərdini-ələmini özününkü bilən  sinif yoldaşları, müəllimləri, eləcə də Kompleks rəhbərliyi ötən gün Nurayın dəfn olunduğu Hacı Cavad kənd qəbristanlığında olublar. Nurayın mübarək məzarını göz yaşları ilə ziyarət edərək, önünə Mübariz Təhsil Kompleksi adından əklil və tər qərənfillər düzmüş, ruhuna dualar oxumuşlar. Nurayın valideynlərinə, doğmalarına dərin hüznlə başsağlığı verən Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, ailənin üzüntüsünə şərik olduqlarını ifadə edərək, şagirdlərinin xatirəsinin əziz tutulması məqsədilə Kompleksdə də Nurayın xatirə guşəsinin yaradıldığını bildirib.  

Məzar başında göz yaşlarına qərq olan Nurayın sinif yoldaşları da var. İllərdir doğma təhsil ocağında bir gəzib, bir dolandıqları Nurayı  indi məzarı önündə salamlayıb, tək buraxmaq  onlar üçün heç də asan deyil.  Şagirdlərin qəhərdən qulaq dalan hıçqırtılı səsi sanki kədər notlarına bürünmüş şairin “Ayrılıq” şeirini yadıma saldı:

 

Suyumuz başdan bulandı,

Kor olsun ayrılıqları.

Göz yaşıyla durularsa,

Durulsun ayrılıqları.

 

Ruhun şad, məkanın cənnət olsun, cənnət qoxulu, nur üzlü Nuray!

 

 

Samir Qurbanov