Əbülfət Mədətoğllu  :  - Bir dost ŞERİ

Gündəm 22:37 / 26.10.2024 Baxış sayı: 1936

 

( Gənc və son dərəcə HALAL dostum Səlim Ayvazov üçün)

 

Hərdən zəng edirəm , halın soruşub

Sonra qayğıları açıb-tökürəm...

Arada vəd alıb, sonra görüşüb -

"Tənhalıq" adlanan ilmə sökürəm!..

 

Dünyanı tanıyır , sözü düz tutur.

Amma çılğınlıq da qalır canında!

Adını eşidən ona üz tutur -

Hiss edir diqqəti dərhal yanında!

 

Özünə bu yurdun hər adamını

Ellisi, doğması , əzizi bilir...

Və bir də dünyada həkim adını -

Şərəfli, müqəddəs, təmizi bilir!

 

Müsbət aurası ovqat yaradır

Hər zaman başına dost - tanış yığır!

O bir fikri ilə hikmət andırır -

Kişi ürək sıxmır, amma əl sıxır!

 

...Hərdən zənglərimə ara verirəm

Deyirəm qayğımla yormayım onu...

Hər dəfə üzündə gülüş görürəm -

Kaş bu təbəssümün olmasın sonu!