Tahir Rzayev, millət vəkili : - " Vəsaitin artırılması xüsusilə sevindirici haldır."
“Büdcə zərfində əksini tapan nəticələr və rəqəmlər Azərbaycan iqtisadiyyatının davamlı, dayanıqlı olduğunu və inkişaf yolunda irəlilədiyini göstərir. Dövlət büdcəsində sosial məsələlərə ayrılan vəsaitin artırılması isə xüsusilə sevindirici haldır. Artıq büdcə xərclərinin 44,2 faizinin sosial sahəyə yönəldilməsi dövlət rəhbərliyinin insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının əyani nümunəsidir”.
Yenises.az bildirir ki, bunu millət vəkili Tahir Rzayev Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili vurğulayıb ki, büdcədə sosial istiqamətlər üzrə xərclərin artırılması hər bir vətəndaş üçün müsbət göstəricidir. Onun sözlərinə görə, sosial siyasətin gücləndirilməsi əhalinin rifahının yüksəldilməsinə xidmət edir və dövlətin vətəndaşlara göstərdiyi qayğının bariz ifadəsidir.
Müzakirə zamanı millət vəkili Tahir Rzayev qeyd edib ki, dövlət büdcəsində sosial xərclərin xüsusi çəkisinin yüksək olması ölkənin sosial inkişaf prioritetlərinin qorunduğunu göstərir. Bu yanaşma insanların həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və rifahının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.