Ağaevli Əli Hacı - Qoşa hörüklərin ayıra bilmir
Qoşa hörüklərin ayıra bilmir,
Keçmişdə qoyduğum xatirələrdən !
Gözünün yaşları boğmasın deyə,
Yapışdım şeirimin sətirlərindən !
Ortaya nə yaxşı söz kimi düşdüm,
Yayındım ox atan kipriklərindən !
Yollar xəstəsiyəm,yoluma çıxdın
Sevgimin günahsız körpəliyindən !
Sənə öz havamı gətirmək üçün,
Məftilsiz keçmişəm sərhədlərini !
Keçid məntəqələri eşqin adına,
Baxışa almayıb sənədlərimi !
Bircə sən tərəfə yol dincəlməyib,
Dincə qoymamışam küçəni,tini !
Bütün günahlara çətir tutmuşam,
Sənə çatdırmağa yaşam ətrini !
Dilim gözəlləşib adına söz-söz,
Qələm bayraq kimi gəlib görüşə !
Səni həyatıma kitab yazmağa,
Gedib o,dünyanı görüb gəlmişəm !
Qoşa hörüklərin ayıra bilmir,
Keçmişdə qoyduğum xatirələrdən !
Gözünün yaşları boğmasın deyə,
Yapışdım şeirimin sətirlərindən !