Tahir Rzayev,  millət  vəkili : - "Beynəlxalq hüquqa zidd olan hallar bu gün daha da qabardılır"

SİYASƏT 14:54 / 01.04.2024 Baxış sayı: 1065

“Aİ, Ermənistan və ABŞ - ın Brüsseldə keçirilməsi nəzərdə tutulan birgə görüşü ikili standartlara əsaslanmaqla, qərəzlidir, regionda sülhün, əminamanlığın təmin edilməsinə deyil, münaqişənin qızışdırılmasına, müharibənin törədilməsinə hesablanmışdır.” Yenises.az  xəbər  verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, bu, bilavasitə Azərbaycanın suverenliyinə təhdid, Ermənistanın tam dəstəklənməsi, onun yenidən müharibəyə cəlb olunmasıdır və bu hərəkətlərə görə Ermənistanla bərabər Aİ və ABŞ da məsuliyyət daşıyır, çünki reallıqları nəzərə almamaq, hadisələrə birtərəfli yanaşmaq, Ermənistanın mövqeyindən çıxış etmək Azərbaycanın milli maraqlarına ziddir, suverenliyimizə təhdiddir və bilavasitə siyasi xəyanətdir.

“Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində, milyondan çox insan ağır həyat şəraitində yaşadığı illərdə Avropa İttifaqı, eləcə də ABŞ ölkəmizə dəstəyini nümayiş etdirmədi, əksinə Azərbaycan ABŞ Konqresinin 907-ci düzəlişi ilə ayrı-seçkiliyə məruz qaldı. Avropa Parlamentləri dövlətimizin haqlı səsinə səs vermədilər, böhtan, şantaj xarakterli bəyanatları, qətnamələri ilə təcavüzkarları müdafiəyə qalxdılar. Beynəlxalq hüquqa zidd olan belə hallar bu gün daha da qabardılır, Aİ-nin, ABŞ-ın və Ermənistanın səyləri bilavasitə təcavüzkar dövləti böhran vəziyyətindən çıxarıb Cənubi Qafqazda sülhün yaradılmasına yox, bilavasitə Rusiyanın regiondan çıxarılmasına, İranın təsir altına alınmasına, Azərbaycan üçün gələcək təhlükənin meydana çıxmasına yönəldilmişdir. Paşinyan hökuməti bu təhlükəli şəraiti yaratmaqla ilk növbədə Ermənistanı risk qarşısında qoyur və erməni xalqını fəlakətə aparır. Ermənistanda revanşist qüvvələrin fəallaşması, müharibəyə yeni çağırışlar, ölkənin silahlandırılması, xarici dövlətlərin qoltuğuna sığınmaq gələcək üçün yaxşı heç nə vəd etmir. Çünki Rusiya heç vaxt Ermənistanın bu xəyanətkar hərəkətlərə sona kimi getməsinə, NATO qüvvələrinin düşmən dövlətin ərazisində yerləşdirilməsinə yol verməyəcək. Ermənistanın Rusiya ilə hərbi ittifaqdan çıxması məsələsi də şübhə altındadır, Vaşinqton və Brüssel üçün bu bir nailiyyət hesab olunsa da, elə bilirəm Ermənistanda siyasi böhranı daha dərinləşdirəcəkdir. Sergey Lavrovun dediyi kimi, “Ermənistanın NATO ilə dialoqunun dərinləşməsi Ermənistanın müdafiə suverenliyini itirməsinə gətirib çıxarır”.

Bakıya gəldikdə, keçirilən bu görüş Azərbaycana bir təsir vasitəsi rolunu oynayır və ölkəmizi Rusiya ilə münasibətlərində, əməkdaşlıqda geriyə doğru addım atmağa məcbur etmək xarakteri daşıyır. Ancaq Azərbaycan bu təsirlərə məruz qala bilməz və ölkəmizin rəhbəri cənab İlham Əliyevin bildirdiyi kimi, biz heç bir dövlətin diktəsi ilə hərəkət etmirik və heç bir qüvvə bizi tutduğumuz ədalətli yoldan döndərə bilməz. Çünki Azərbaycan öz fəaliyyətində, siyasi gedişlərində beynəlxalq normalara, reallıqlara əsaslanır və haqq-ədalət uğrunda mübarizə aparır. Sülh, əminamanlıq, əməkdaşlıq, təhlükəsizlik Azərbaycan dövlətinin başlıca amalıdır.

Bu gün Azərbaycan öz siyasətini, iqtisadiyyatını özü müstəqil həll etməyə, ordusunu gücləndirməyə, xalqını bir məqsəd uğrunda səfərbər etməyə qadirdir. O Ermənistanla münasibətləri heç bir vasitəçi olmadan həll etmək qərarındadır. Vaşinqton və Brüsselin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı heç bir faydası yoxdur. Onlar bu yolda öz şəxsi mənafelərini düşünürlər və Ermənistandan bir oyuncaq, vasitə kimi istifadə edirlər. Ermənistanın çıxış yolu isə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından, tezliklə sülh müqaviləsinin imzalannasından keçir. Təcavüzkar dövlətin region ölkələrinə problemlər yaşatması cəhdi, Rusiyaya xəyanət yolu tutması ona çox baha başa gələcəkdir. Ermənistan hakimiyyəti bu barədə ciddi düşünməli, səhv mövqeyindən çəkinməlidir”, deyə Tahir Rzayev bildirib.