Tahir Rzayev, Komitə sədri :"Normal həyatın bərpası dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biridir."

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyat yenidən canlanmaqdadır. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri eyni zamanda sahibkarlığın da inkişafına təkan verir. Bölgədə indi sahibkarlığın inkişafı istiqamətində ardıcıl və sistemli addımlar atılır. Dövlətin təşviq mexanizmləri, vergi və gömrük güzəştləri, yeni sənaye zonalarının yaradılması və investisiya təşviqi sənədləri bu torpaqlarda iqtisadi həyatın bərpasını sürətləndirir. Bu proses təkcə iqtisadi deyil, həm də sosial və siyasi baxımdan strateji əhəmiyyət daşıyır. Əsas məqsəd Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı iqtisadi modelin qurulmasıdır.
Yenises.az bildirir ki, mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, işğaldan azad olunmuş ərazilərdə normal həyatın bərpası, insanların bu ərazilərdə hərtərəfli yaşayışının təmin olunması dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
O qeyd edib ki, həmin ərazilərə dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artırılır və bu günə qədər artıq 23 milyard manatdan çox vəsait bərpa, tikinti, quruculuq və abadlıq işlərinin görülməsinə sərf olunub: “Bu regionlarda görülən işlər möhtəşəmdir və demək olar ki, oraya səfər edən Azərbaycan vətəndaşlarının, eləcə də dünyanın bir çox rəhbərlərinin, turistlərin diqqətini cəlb edir və yüksək qiymətləndirilir. Bu ərazilərdə məktəblərin, xəstəxanaların, hava limanlarının, fabriklərin, ictimai iaşə obyektlərin, xidmət sahələrinin yaradılması oraya köçürülən yerli sakinlərin rahatlığı üçün nəzərdə tutulub. Artıq azad olunmuş bir neçə ərazidə insanlar məskunlaşıblar”.
Komitə sədrinin sözlərinə görə, həmin ərazilərdə iqtisadiyyatın inkişafı da diqqət mərkəzindədir: “Xüsusilə sənaye və aqrar sektorun inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilir. Bu tədbirlər sistemli şəkildə reallaşdırılır. Bu işlərin həyata keçirilməsi ölkənin iqtisadi vəziyyətindən asılıdır və Azərbaycan iqtisadiyyatı bu gün imkan verir ki, azad olunmuş ərazilərdə həm normal həyat qurulsun, həm də iqtisadi inkişaf təmin edilsin”.
T.Rzayev bildirib ki, işğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra artıq əkin dövriyyəsinə daxil edilir. Onun sözlərinə görə, son bir neçə ildə azad olunmuş ərazilərdə 100 min hektardan çox sahədə kənd təsərrüfatı məhsulları yetişdirilib:
“100 min hektar torpaq əkin üçün hazırdır və təhlükəsizlik təmin olunduqdan sonra bu işlər davam etdiriləcək. Qarabağ və Şərqi Zəngəzur torpaqları böyük kənd təsərrüfatı potensialına malikdir. Həmçinin bu ərazilər turizmin inkişafı üçün də böyük imkanlara sahibdir. Təbii gözəlliyi, iqlimi və mənzərələri ilə bu ərazilər dünyanın ən gözəl məkanlarından sayılır. Son illərdə görülən mühüm işlər bölgəyə yeni bir sima verib. Bütün bu tədbirlər iqtisadi imkanlarla bağlıdır və həmin ərazilərdə də iqtisadi nəticələrin əldə olunması başlıca şərt kimi qarşıya qoyulub. Artıq bu bölgələrdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi məhz buna xidmət edir. İnsanlar burada normal yaşamalı, işləməli və iqtisadiyyata öz töhfələrini verməlidirlər. Hesablamalar göstərir ki, bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzur ölkə iqtisadiyyatına layiqli töhfələr verəcək”.