Sevinc Qərib- Daha küləklər də qorxutmur məni
* * *
Daha küləklər də qorxutmur məni,
nə olacaqsa, olsun deyir içimdəki səs.
Dik duruşuma baxma,
daha yazıqdı o gördüyün qız.
Qollarım elə hey qoynuma sığınır,
ovcumdakı izlər itməsin deyə
sıxıram əllərimi bir-birinə...
O gecə əlimi əlində saxlayıb
gücü yetdiyi qədər sıxmışdı,
nəsə demək istəmişdi atam,
danışa bildiyi halda susmuşdu.
Qəfil sinəsinin üstünə qoymuşdu əlimi,
gözlərində narahatlıq şəkli,
üzündə nigaran ifadə.
Azca gülümsəmişdi də...
bəlkə anlamayım getdiyini,
bəlkə qorxmayım deyə.
Son gecəymiş...
son dəfə tuturmuş əlimi,
son baxışı imiş vücudumu sığallayan,
səssizcə vidalaşırmış atam mənimlə...
İndi əllərimi qoruyuram,
ürəyimdə əzizləyirəm də.
Hərdən ovuclarımı öpmək keçir könlümdən
Atamın əllərini öpdüyüm kimi...