Əlizadə Nuri - Sənə gül atdılar, mənə də güllə...

Ədəbiyyat 18:44 / 28.04.2026 Baxış sayı: 266

 

Sənin ayrılığın dünyanı tutub,

Hər yan ayrılıqdı, hər yan həsrətin.

Mənə göndərdiyin bu son məktubu

"Qara kağız" kimi oxumaq çətin...

 

Üşüyən çöllərin od-ocağı yox,

Bir yandan fevral da gəlir qarıyla.

O yetim uşağın oyuncağı yox

O uşaq oyanayır göz yaşlarıyla...

 

Biz hara gedirik bu boş könüllə,

Bir ayın içində ayrı həftəyik.

Sənə gül atdılar, mənə də güllə-

Yaxşı ki, ikimiz bir hədəfdəyik...

 

Əsən ayrılıqdır, yel deyil əsən,

Bu baxtı tikməyə mənə sap verin.

Niyə əllərini qoyub getmisən,

Səni soruşanda nə cavab verim?!

 

...Çəkib öz komama gətirdim bu gün-

Qorxdum ki, bayırda darıxa bu qəm.

Qəmi övladlığa götürdüm bu gün,

Onu balam kimi böyüdəcəyəm...