Fərhad Tapdıqoğlu : - Halal qazanc şirin olur

YAZARLAR 09:24 / 28.04.2026 Baxış sayı: 356

 

(hekayə)

6 yaşlı Eltongil Sumqayıtın qəsəbələrinin birində həyət evində yaşayırdılar.

Onların bir boz pişikləri vardı.Adı Çiko idi.

Çiko həyətdəki qarajda onun üçün ayrılmış yerdə gecələyirdi.

Elton Çikonu çox istəyirdi .Ona pişik yemi ,ət tikələri verir,tumarlayır,əzizləyirdi.

Elton hətta böyük qardaşının köməyi ilə pişik şeiri də əzbərləmişdi:

"Pişiyim ala boyundu,

İşi tamam oyundu.

Əlini asta başlandı,

Bucaqları pusandı.

Əl-üzünü yuyandı,

Səs-səmiri duyandı...

Çiko çox yeyirdi.Eltonun yanından əl çəkmir,hey miyoldayıb yemək istəyirdi.Elton da sevimli pişiyini yemləməkdən həzz alırdı.

Eltonun atası Nadir bir gün üzünü Çikoya tutub dedi:

--Ay tənbəl,ay qarınqulu az ye də.Heç bir iş görmürsən ,ancaq yeyib yatırsan.Zirzəmidə bir siçan gördüm o günləri. Siçan ovlamaq sənin işindir axı.Niyə ovlamırsan onu?

Elton atasının Çikonu "tənbeh " etdiyini gördu:

--Ata,mənim pişiyimi niyə danlayırsan ? O siçan tutmalıdır ki? - dedi.

Nadir ata pişiklər barəsində oğluna danışdı:

-- Mənim ağıllı balam, pişiklər əvvəl çöllərdə yaşayırmışlar .Onları təxminən on min il əvvəl əhliləşdirib ev pişiyi ediblər.Yaxın Şərq ölkələrində anbarlarda taxılları yeyən siçanları məhv etmək məqsədi ilə bunu ediblər.Pişikləri də evlərdə əsasən məhz siçan və digər gəmiriciləri ovlamaq üçün saxlayırlar.

Elton atasını diqqətlə dinlədi,ondan heç nə soruşmadı,fikrə getdi.Canlı siçan görmədiyindən gördüyü siçan şəkillərini gözləri önünə gətirdi.

...Ertəsi gün Elton çölə çıxmaq istəyərkən ,qapının ağzında bir siçan ölüsü gördü.Tez atasını çağırdı, göstərdi.

Nadir atanın gözləri kənarda dayanıb baxan Çikoya sataşdı :

--Çox sağ ol Çiko.Bax belə .Nəticə çıxardın mənim sözlərimdən- Çikonu təriflədi.

Çiko quyruğunu qaldırdı və "bığaltı gülümsədi" ,bir neçə dəfə miyoldadı:

--Miyo...miyo...

... Bir neçə dəqiqədən sonra Çiko kənar bir yerə çəkilib, ovunu ləzzətlə yeyirdi.

Atası Eltona dedi:

---İnsanların da,heyvanların da ən dadlı qidaları,yeməkləri öz qazandıqlarıdır. İnşallah yaxşı oxuyarsan ,təhsil alarsan ,sən də qazanarsan.Halal qazanc çox şirin olur ,oğlum.

Elton atasına qulaq asa-asa ,maraqla Çikonun öz ovunu necə yediyinə tamaşa edirdi.

P.S.Eşitdiyimə görə pişiklər həmişə ovladıqları siçanları və s. birinci növbədə sahiblərinə göstərib,sonra yeyirlər.