Fəxrəddin Teyyub -Min şükür
Tanrım, dərgahına duam çatırmı?
Bu gələn yazı da gördüm, min şükür!
Hər səhər ruhumu şehli nərgizin,
Bəyaz ləçəyinə sərdim, min şükür!
.
Gecə göy üzünə gözümü dikdim,
Sən təksən, biz çoxuq, dərdini çəkdim.
Sevgimlə adına bir saray tikdim,
Daş- daş, kərpic- kərpic hördüm, min şükür!
.
Bilmək olmur kimin kimədi ərki,
Varlığın hər kəsə möcüzə, sirr ki.
Tək güllər, ağaclar çiçəkləmir ki,
Bu yaz çiçəklədi dərdim, min şükür!
.
Sübh çağı gözümə baxıb gülə dan,
Günəşin məcməyi, hanı belə dan?
Sən məni qorudun neçə bəladan,
Xan kimi bir ömür sürdüm, min şükür!
04. 04. 2026.