Ayaz Arabaçı -  Bir tərəfdə cərrah, digər tərəfdə şair.

YAZARLAR 13:12 / 28.04.2026 Baxış sayı: 271

Talelərə istiqamət verən müqəddəs bir missiyanı həyata keçirən adamlar deyəndə ilk ağlınıza gələn kim olur?

Mənim ağlıma həkimlər gəlir.

Adamların ən ağır anlarında, ən ümidsiz gecələrində ilk yada düşən kim olur?.. Yenə də həkimlər. Onlar ağrının dilini anlayan, ümidin sönən işığını yenidən alovlandıran insanlardır.

İndi texnologiyanın inkişafı həkimlərin işini dəqiqləşdirə də onlara daha geniş imkanlar tanısa da, insanlarla ünsiyyət ,sevgi və mərhəmət hissi dəyişməz olaraq qalır.

Həkimlərin işi yalnız xəstəlikləri müalicə etməkdən ibarət deyil. Onlar eyni zamanda dost və bəzən də bir ümid çırağıdırlar. Xəstə üçün həkimin bir sözü, bir baxışı çox vaxt dərmandan daha təsirli olur. Bu səbəbdən həkim olmaq üçün yalnız bilik deyil, böyük ürək də lazımdır.

Mənim aləmimdə həkimlər görünməz qəhrəmanlardır. Onlar yalnız bədəni deyil, ruhu da sağaldırlar. Sağlığına qovuşan hər bir xəstə həkimin qələbəsidir. Bu qələbələr sayəsində dünya və yaşam gözəlləşir.

Mən bu yazını qələmə alanda həkim dostum Zərraf Şirinovu yada saldım.. Bu yazının isti, məlahətli və gözəl olması bu adamın sayəsindədir.O mənim üçün gələcəyə inam və möcüzələr aşılayan bir həkim, qayğıkeş və ləyaqətli bir dostdur.

Mən bu yazımın adını çox da düşünmədən

"İki dünyanı eyni ürəkdə daşıyan adam" qoydum.

Niyəsini bütün dostlar,yaradıcı adamlar gözəl bilir..

İnsanlar adətən bir sahədə zirvəyə qalxır, bir sahədə özünü təsdiq edir. Amma elə insanlar var ki, həm ağ xalatın məsuliyyətini, həm də sözün müqəddəs yükünü eyni səviyyədə daşımağı bacarır. Professor Şirinov Zərraf məhz belə nadir simalardandır.

O, əməliyyat otağında həyatla ölüm arasında incə bir xəttin keşiyində dayanarkən soyuqqanlı, dəqiq və peşəkar bir cərrahdır. Skalpel onun əlində sadəcə alət deyil, ümiddir. Bir xəstənin ağrısına əlac olmaq, bir ailənin göz yaşını sevincə çevirmək onun gündəlik işidir.

Tibb elmləri doktoru olmaq sadəcə titul deyil, illərin zəhməti, gecələrin yuxusuzluğu və insan həyatına verilən dəyərin zirvəsidir.

Amma bu tərcümeyi-halın başqa bir tərəfi də var…

Qəlbi şəfqətlə dolu bu insanın ürəyində günəşə açılan bir poeziya pəncərəsi də var. Şeir onun üçün sadəcə ifadə vasitəsi deyil ruhunun səsi, qəlbinin etirafıdır. Bəlkə də əməliyyat masasının yanında gördüyü həyat hekayələri misralara çevrilir. Bəlkə də hər xilas edilən həyat, hər itirilən nəfəs onun qəlbində bir şeir doğurur…

Zərraf Şirinov, bir tərəfdə cərrah, digər tərəfdə şair. Bir əlində həyat qurtaran dəqiqlik, digər əlində qəlbləri titrədən incəlik. Bu iki aləmi birləşdirmək hər kəsə nəsib olmur. Çünki biri ağıl tələb edir, digəri ürək. O isə hər ikisini eyni anda yaşadanlardandır.

Onun həyat yolu bizə bir həqiqəti xatırladır:

- Əgər daxilində söz varsa yazmalısan, əgər əlində şəfa vermək gücü varsa yaşatmalısan.

Belə insanlar cəmiyyət üçün sadəcə həkim və ya şair deyil… Onlar bir dəyərdir. Onlar bir örnəkdir. Onlar insanlığın ən gözəl tərəfinin sübutudur.

Var olun, professor. Siz həm bədəni, həm ruhu sağaldan nadir insanlardansınız…

Onu da deyim ki, bu gün Zərraf həkimlə görüşümüz çox unudulmaz oldu..Necə deyərlər,bir-birimizdən doymadıq..