Sədaqət Kərimova : - Bilmirəm

Ədəbiyyat 17:09 / 07.05.2025 Baxış sayı: 1262

 

 

Çəkmir tanış yollar, dalanlar məni,

Sızladır bu sonsuz talanlar məni,

Ağladır yamanlar, yalanlar məni,

Mən niyə naşıyam, niyə, bilmirəm.

 

Bir yanda məzhəkə, bir yanda şivən,

Çatmır muradına hər qəlbdən sevən,

Çoxalıb vədələr, azalıb güvən,

Bəşərə nə olub, deyə bilmirəm.

 

İşlərim dolaşıq, elə çaşbaşdır,

Yollarım nədənsə çınqıldır, daşdır,

Nə olsun, hisslərim sel kimi daşır,

Dərdimi hər kəsə deyə bilmirəm.

 

Axı nə deyəsən bu zəmanəyə,

Zor ilə yazılan bu salnaməyə,

Əyilə bilmirəm hər əmmaməyə,

Nə edim, mən hiylə, riya bilmirəm.

 

Heç məni çəkmədi dünyanın varı,

Mənə qələmimi çox görmə, Tanrı!

Yaxşı ki, ilhamdır ruhumun barı,

Onsuz bu dünyanı duya bilmirəm.