Saqif Qaratorpaq : - Sən indi yatmısan...

Sən indi yatmısan...bəlkə də elə
Indicə görürsən yuxuda məni.
Axşamdan içimə daman göz yaşım
Qatıb qabağına axıdır məni.
Sən indi yatmısan...dağılıb saçın
Dağınıq fikir tək balıncın üstə.
Asılıb qalmışam bir nazik ipdən
Əsirəm bir iti qılıncın üstə...
Işığı nə gurdu təbəssümünün,
Nələr pıçıldayır mələklər sənə?
Bir ah havalanıb qopdu sinəmdən,
Heyif,aparmasın küləklər sənə...
Sən indi yatmısan...yoxdu xəbərin,
Yüz dəfə keçmişəm boş küçənizdən.
Unudub özünü axşamdan bəri
Ay da güzgülənir pəncərənizdə...
Uçur kəpənəklər güllərin üstə,
Lalələr gəlibdi yuxuna qonaq.
Boylanıb uzaqdan gələn ağ yola,
Yoxsa gözləyirsən kimdənsə soraq?
Qarışıb yuxumuz biri-birinə,
Sənmi yuxulusan,mənmi oyağam?!
Əlini uzadıb tutdun əlimdən,
Dedin ki,İlahi,nə yaxşı sağam!