Şakir Xanhüseynindən ÜÇ  ŞEİR

Ədəbiyyat 08:50 / 05.11.2025 Baxış sayı: 966

***

Buxarı qurumlanıb,

bu ocaq his eləyir.

Qardaş, çox oyunçunu

zəmanə pas eləyib...

 

Quru çöpdü varlığım,

bitməz könül zarlığı.

Adam qəbrin darlığın

beşikdə hiss eləyir...

 

Oturum ha əsnəyim,

fikir dəyişir nəyi;

Yağmalayır ürəyi,

vallah, alt-üst eləyir!

***

Hansı günüm xoş keçibdi,

hansı ayım, bilmirəm.

Qızıl xonçada gəlibdi,

vallah, mənimçün dərd-qəm.

 

Saymıram çətin günləri,

keç dur məndən qabaqda.

Nəinki can, ilan kimi

adam verir qabıq da...

 

Çək üzümdən nəzərini,

pir deyil ki, sifətim.

Sevincini yaşayım qoy

çəkdiyim məşəqqətin...

***

Gün düşür, gözüm qamaşır,

neynirəm bu işığı.

Bax, ruhuma çıraq tutur

günəşin qürub çağı.

 

Bəzən olur düz sözümün

günahına batıram;

Bəyəm yaxşılıq etməknən

mən qələt iş tuturam?

 

Elə sönüb yanıram ki;

görmürsünüz tüstümü?

Gedək, sakitcə uzanım,

torpaqlayın üstümü...

1999