Şakir Xanhüseyn- ÖZÜMLƏ HƏSB-HAL
başını vursan divara,
bilirsənmi heç, nə olar;
gözündən hər şey silinib
heçə dönər, heç nə olar.
bir az ağrı hiss edərsən,
ya bəlkə də hiss etməzsən.
yenə nəsə olmuş kimi
bilirəm ki, səs etməzsən.
acını dilə gətirmək
hər kəsin işi deyil ki.
kimsə durub ürəyindən
keçəni sənə deyir ki?
düşünərsən bu sərt daşlar
önümdə heç yumşalmadı.
dərdlər o qədər oxşardı,
sanasan ki, bir almadı...
gözünə duman, çən gələr,
bürüyər səni hər yandan.
baxsan, insan asanlıqla
vaz keçir öz vicdanından.
göz qoyursan əllərinə,
bunlar haqla olan işmi;
bir acını, qəmi çapmaq
diş-dırnaqla olan işmi?
soyuq, buz kimi nəfəslər
qora bişirəndi, qora;
gör, necə yadırğamışıq
əhdə, vəfaya, ilqara.
fikir fikirdən üzülmür,
ötənləri yad etmə də.
hər şeyi dərinə salıb
özün üçün dərd etmə də.
qara ağı yamanlayır,
ayaq istər başı əyə.
bu nə aclıqdı, qalmısan
ürəyini yeyə-yeyə...