Elnur Uğur - Xəyali söhbət

Ədəbiyyat 14:00 / 31.07.2026 Baxış sayı: 547

 

Qonşumuzun oğlu vardı,

Hər gün Vətən damarı atardı.

Bir gün müharibə adlı qatar onu da apardı,

Getdi.

Sonuncu dəfə qatardan əl elədi geriyə.

Sevinirdi Vətəni azad edəcəkdi deyə.

Döyüşdən hər gün mərd sorağı

Dönürdü o igidin yerinə.

Kəndimiz sevinirdi

Belə oğul vermişdi Vətənə!

Bir gün qazi xəbəri gəldi kəndə,

Ayaqlarını mina aparmışdı.

Qonşum qayıtmışdı

Ayaqlarını xatirə saxlamışdı

Döyüş yoldaşları şəhid olan yerdə.

İndi ayaqları orda

Özü burda...

Qonşumun oğluna hər dəfə baxanda

Onun ayaqları olmaq istəyirəm

O ayaqlar ki, özündən qabaq şəhid olub,

Ölümsüzlük bulağından su içib.

O ayaqlar ki,

Sahibindən qabaq siratdan sorğusuz keçib.

Qaçıram qabağına hər görəndə

Əyilirəm dizi ilə torpağın arasındakı məsafəyə.

Birdən diksinirəm

Mən hələ o ucalığa yüksəlməmişəm.

O ayaqlar olmaq üçün,

Heç olmasa çox yox,

Bircə anlıq ağrını hiss edə biləsən.

Və qonşumun oğluna sual verirəm:

İncidirmi ayaqların səni?

Gülür:

Mənim ayaqlarım bütün Vətən...

Mən

Ağrıyanda daha dərindən dərk edirəm

Nə qədər xoşbəxtəm