Qfar Cəfərli - KƏRƏM VƏ ƏSLİa
(Novella)
-Bayaqdan bir-birimizi tərifləyirik. Əslində, düz edirik. Kimsə bizi təifləməyə borclu deyil. Bu günə şükür. Bundan sonrasını isə Allah bilər. İlk badəni elə öz sağlığımıza içək. Var ol Vəzir.- Və gülə-gülə: - Padşahdan-zaddan da olmadın ki, biz də bir gün görək.
-Neyləyim... Mənim də talehimə vəzirlik düşüb. Doğulanda gərək padşah doğulasan. Buna da şükür, qardaşım. - Bu sözləri əlindəki qədəhi Mirişin qədəhinə vurub cingiltisini eşitmək üçün adəti üzrə qulaqlarını şəkləyən Vəzir dedi.
Miriş də vərdişinə sadiq qalaraq qədəhdəki arağı əvvəlcə burnuna tutub iylədi, gözlərini yumub başına çəkdi. Hər ikisi sirkəyə qoyulmuş kələmdən bir çimdik ağıza qoyandan sonra nimcədəki kababdan götürüb dişləməyə başladılar...
Günəşin rəngi saralmağa doğru gedirdi. Havanın buludlu olması özü ilə bir sərinlik gətirmişdi deyə yayın istisi hiss olunmurdu. Necə deyərlər, əsil “yemək-içmək havası” idi. Dostlar, hər dəfə olduğu kimi bu həftənin bazar gününə də şəhər kənarında, iri palıd ağaclarının əhatəsində olan “Görüş” kafesində son verməyə gəlmişdilər. Bu yeri də qürbətdə yaşadıqları illərin nostalji hisslərinin xətrinə seçmişdilər ki, bir azdan bundan xəbər tutarsız.
...Mirişlə Vəzir şəhərdə məhəllə uşağı idilər, uzaq qohumluqları da çatırdı.Evlərini bir market və üç ev ayırırdı. Uşaqlıqdan hərbi xidmətə gedənə qədər günləri bir yerdə keçmişdi. Təvəllüdləri eyni olduğundan eyni ildə məktəbə getmiş və eyni ildə də bitirmişdilər. Vəzirin dediyinə görə Miriş şanslı adam idi. Əsas da ona görə ki, hərbi xidmətə Miriş Moskvaya, Vəzir isə Kamçatkaya düşdü. Bir ay fərqlə xidmətdən qayıtdılar. Mirişin yenidən Moskvaya qayıtmaq istəyini ilk öncə elə Vəzir bildi. Həm də onu bildi ki, hərbi xidmətin sonuna üç ay qalmış Miriş orada, ayaqqabı fabrikində direktor işləyən, yaşı 50-yə yaxın olan İrina Mixaylovna adlı bir rus qadını ilə “Vstreça” kafesində tanış olub münasibət qurmuşdu. İndi isə həmin dul xanım onu öz yanına dəvət edirdi. Miriş söhbətə necə şirinlik qatmışdısa Vəzir də yoldan çıxmışdı. Onsuz da rayonda qalıb neyləyəcəkdilər ki? İşləməyə yer yox, o üzdən də bekarçılıq, avaraçılıq... Və günlərin birində iki dostun Moskvaya oxumağa getməsi xəbəri məhəllədə bir müddət söhbət mövzusu oldu.
Miriş fabrik direktorunun evində yaşamağa başladı. Həm də fabrikdə alış-veriş işlərində fəal iştirak edirdi. Vəziri də həmin fabrikdə ekspeditel, yəni mal aparıb-gətirən işinə götürdülər. Hətta direktorun eyni yaşda olan rəfiqəsi ilə də aralarını düzəltdilər ki, mehribançılıq olsun. Dostların vəziyyəti get-gedə qaydaya düşürdü. Evi yıxılmış Qorbaçovun “yenidənqurma”sı hər şeyə, ən əsası isə o boyda nəhəng dövlətin axırına çıxdı. Bundan sonra elə Moskvanın özündə də dərəbəylik başladı. Amma bu dərəbəyliyin bir çoxlarına, elə dostlara da xeyri dəydi. Qısa bir müddət fabrik bağlansa da xanım direktor Miriş,Vəzir daxil dostları ilə fabriki alayarımçıq da olsa işlətməyə başladılar. Anbarda qalan ehtiyat mal-material hesabına bir ilə yaxın bir müddətdə məhsul buraxdılar, yaxşı pul da götürdülər. Bu arada hər iki dost evlərinə dönüb elə bir sinifdə oxuduqları qızlarla: Miriş Səbinə adlı qızla, Vəzir isə Pəri ilə evləndilər, amma Moskvadakı qarmaqarışıqlığa görə arvadları rayonda saxladılar.
Mirişin evlənməsi xəbərini xanım direktor səs-küysüz qarşıladı. Onu çox istədiyindən, həm də itirməmək üçün bu söhbətin üstünə getmədi. Amma Mirişin Moskvada ona son dərəcə sadiq olduğuna xanım tam əmin idi.
Fabrik yenidən bağlanandan sonra dostlar özlərinə market açıb ticarətlə məşğul olmağa başladılar. Qazancları da pis deyildi. Yeltsinin hakimiyyətinin son illərində kriminal aləmin fəallaşması və bütün ticarət obyektlərindən yüksək “dolya” tələb edilməsi vəziyyəti dəyişdi. Qazancın yalnız gündəliyə bəs etdiyi bir zamanda orda qalmağın mənasız olduğunu dostlar tez başa düşdülər və obyektlərini satıb olan-qalan pul-paralarını da götürüb vətənə döndülər. Hərəsi özü üçün şəhərin müxtəlif yerində minimarket açdı. Mirişin marketində ərzaq, Vəzirin marketində isə ətriyyat,hədiyyələr satılırdı. Əldə etdikləri qazanc ailələrinin dolanışığına qismən də olsa bəs edirdi.
Hə, yadımdan çıxdı deyəm ki, oxumaq bəhanəsi ilə Moskvaya getdiklərini dostlar sonradan heç vaxtı dilə gətirmədilər, heç onlardan bunu soruşan da olmadı...
Vəzir növbəti sağlıq üçün qədəhi əlinə götürdü.
-Miri, cəddinə qurban.
Bu sözdən hər ikisinin siması təbəssümə qərq odu. Yanaqları qıp-qırmızı olan Mirişin üst çənəsindəki qızıl dişləri bərq vurdu. Vəzir sözünə davam etdi:
-Amma Miri olmağın Moskvada daha çox karımıza gəlirdi, nəinki burda. Hamı səni Allah adamı kimi qəbul edir, hörmətini saxlayırdı. Vallah, ruslar bizlərə nisbətdə daha çox inanclıdırlar.
Miriş gülə-gülə başını tərpədərək: -Bizdə “ş” hərfi işləri korlayır, - dedi. Vəzir ciddi görkəm alıb sözünə davam etdi.
-Nə isə... Allah, İrina Mixaylovnanı rəhmət eləsin. Onun hesabına bir az pul qazandıq. On il olar ki, burdayıq. Gündəlik çörəyimiz çıxır, çox şükür. Amma bütün bu əziyyətlər, çabalamalar balalara görə idi. Sənin iki oğlun, mənim də iki oğlum, bir qızım var. Allah onları xoşbəxt eləsin . Gəl uşaqlarımızın sağlığına içək.
Vəzirə baxıb Miriş də görkəminə ciddilik qatıb sözə başladı.
-Vəzir, qardaşım. Bu gün sabah 55 yaşımız tamam olacaq.Körpəlik dövrünü çıxsaq hardasa 54 ildir ki, bir yerdəyik. Bütün xeyir-şərimiz bir olub. Uşaqlarımız bir yerdə böyüyüblər. Sevincin sevincim, kədərin də kədərim olub. Sən də bu cür olmusan. Oğlum Kərəm dünyaya gələndə necə sevindiyini indi də xatırlayıram. Bir ildən sonra qızın Sənəm də doğulanda mənim sevincim yerə-göyə sığmırdı. Sonradan mənim oğlum Qeys, sənin oğlanların: Habil və Zabil dünyaya gəlişləri ilə bizi sevindirdilər. Şükürlər olsun ki, uşaqlarımız təhsil aldılar, rayonda özlərinə iş də tapdılar. Zabil oğlumuz da bu il universitetə girib bizi sevindirəcək. Uşaqlarımız bizə heç vaxtı peşmançılıq yaşatmayıblar. Allah toylarını qismət eləsin. İçək qardaş, içək.
Vəzir badələrin cingiltisini eşidəndən, Miriş isə arağın iyini burnuna çəkəndən sonra eyni vaxtda qədəhi başlarına çəkdilər və dərhal da turş kələmdən götürüb ağızlarına qoydular. Miriş kababdan bir diş vurub sözünə davam etdi:
-Vəzir, Kərəm üçün Allah bir halal südəmmiş yetirsəydi, dərdim olmazdı. Birinci uşaqdı, istəyirəm ki, onun ailəsi o biri uşaqlara da nümunə olsun.
Vəzir gülə-gülə dişlədiyi çörəyi boşqaba qoydu.
-Halal süd əmmişə söz vermirəm, amma layiqli bir qızla onu evləndirərik.
-Hələ ki, bu barədə bir kəlmə söz belə qulağıma dəyməyib. Bu sakitlik isə məni narahat edir. Artıq 26 yaşı tamam oldu. Əsil evlənməli vaxtıdır. Demişəm, dostdan, qohumdan qız aldı yoxdur. Dost dostdur, qohum da qohumdur da... Təzəsini tapmaq lazımdır ki, əhatə genişlənsin. Onu da demişəm ki, mən bilməmiş qız sevdi də yoxdur. Xəbər edər, qızın ailəsini ətraflı öyrənərəm, sonra: “hə, yox”- cavabı olacaq. Yoxsa gedib bir haramzadənin, nə bilim əsli-nəsli bilinməyən birinin ailəsindən yapışacaq, qalaram başıma döyə-döyə.
Vəzir ağzındakı tikəni udub:-Səninlə tam razıyam,-dedi.
Mirişin səsində bir yumşaqlıq, bir sevinc hiss olundu.
-İnan ki, ən böyük arzum uşağımı 24-25 yaşında evləndirmək idi. Artıq gecikirəm.
-Özünü darıxdırma. Kərəm ağıllı oğlandır. Bir də gördün ki,...
Bu vaxt gələn zəngin titrəyişindən Mirişin mizin üstündə olan mobil telefonu sürüşməyə başladı. Miriş tez telefonu götürdü. Əvvəlcə ekrana baxdı, sevincək: “Səbişdir”- deyib telefonu qulağına qoydu.
-Bəli, komandir, eşidirəm.
Arağın təsirindənmi, yoxsa həyat yoldaşının zəngindən, əhvalına qayğı göstərməyindənmi Mirişin keyfi ala buludlarda seyrə çıxmışdı. Arada “Sağ ol, həyatım” deməyi də buna sübut idi. Birdən Mirişin qaşları düyünləndi, rəngi qaraldı. Sağ əlində olan telefonu sol əlinə verdi. Gözləri böyüsə, ağzı açıq qalsa da danışa bilmirdi. Dodaqları əsirdi. Telefon tutan əli də titrəyirdi. Ciddi hadisənin baş verdiyini anlayan Vəzir tələm-tələsik :
-Miri, nə olub?- deyib stuldan durdu. Miriş telefonu stolun üstünə atıb üzgün halda Vəzirə baxmağa başladı. Hövsələsi daralan Vəzir onun qolundan tutub silkələdi:
-Nə olub? Bir söz desənə.
Mirişin iniltili səsi eşidildi:
-Kərəm qız qaçırıb.
-Necə?- Vəzir stula çöküb başını aşağı əydi. Maşın qapısının bərk çırpılmağından diksinən Vəzir yalnız onda Mirişi maşına minən gördü. Əvvəl nə edəcəyinə qərar verə bilməsə də özünü tez ələ aldı. Hövlnak ayağa durub indicə kafeyə müştəri gətirən taksiyə yaxınlaşdı, oturan kimi: “Tez ol, ağ BMV-nin arxasıyca,”- dedi...
... Həyət qapısında arvadı Səbinənin qarşıladığı Mirişə çırtma vursaydılar qan fışqırardı. Ərinin xasiyyətini bildiyindən Səbinə təbəssümlə: “Əzizim, bir az sakitləş”- sözlərini deyə bildi. Amma Mirişin böyüyüb hədəqəsindən çıxan, qıp-qırmızı qızarmış gözlərindən qorxub dərhal da kənara çəkildi. Miriş iti addımlarla evə doğru getdi. Yerində donub qalmış Səbinə həyacanla Mirişə baxırdı. Birdən ayılan kimi oldu və Mirişin arxasınca götürüldü. Mirişin bağıraraq:”Hardadı bu şərəfsiz”- deməsindən canına üşütmə gəldi. Bədbəxt hadisə ola bilmə qorxusu onun bütün varlığını bürüdü.
Otağın qapısını açıb Kərəmi içəridə görən Miriş arxaya çönüb Səbinəyə: ”Sən gözlə” - deyib qapını örtdü. Səbinə qapının əlcəyindən tutsa da açmağa ürək eləmədi. Otaqdan gələn səsləri isə açıq-aydın eşidirdi.
-Kərəm , bu nə işdir, eləmisən?
-Ata bir dəqiqə səbr elə, otur, mən hər şeyi başa salaram.
-Demək mən qanmazam da, mən axmağam da, məni başa salmaq istəyirsən.
-Ata o cür demirəm. Əsəbini cilovla, mən baş verənləri sənə danışım.
-Mənə nə danışacaqsan? Sənə deməmişdim ki, mənim xəbərim olmadan bu evə qız gətirmirsən? Demişdim, ya yox?
-Demişdin.
-Bəs, niyə dediyimi etmədin? Niyə hardansa tapdığın, əsli-nəcabəti bilinməyən bir qızı evimə gətirmisən? Niyə cümüyümüzü hansısa bir şərəfsizin sümüyünə calaq edirsən?
Mirişin qışqırıq səsindən nə edəcəyini bilməyən Səbinə ayaq səsinə çevriləndə Vəziri qarşısında gördü. Əvvəl duruxdu, üzünə bir qızartı gəldi. Bilmədi, gülsün, ya ağlasın. Vəzir onun halını dərhal tutdu və: ”Narahat olma, mən onu sakitləşdirərəm”- deyib qapını açıb içəri keçdi.
Miriş əsəbi görkəmdə səsə çevriləndə Vəziri gördü və hirsindən bir az da coşub-daşdı:
-Buyur qardaş. Gör sənin qardaşının ali təhsilli oğlu nə böyük qəhrəmanlıq edib. Kişi qız qaçırıb, evlənmək istəyir. Bilmirəm hansı şərəfsizin, qızını qoruya bilməyən hansı qurumsağın qızını qaçırdıb gətirib evimə. Daha böyüyüb, atasını adam yerinə qoymur.
Vəziri görəndə Kərəm bir anlıq çaşıb başını aşağı dikdi. Belə hallarda Vəzir hövsələli idi. Mirişin çığırıb-bağırıb, hay-küy saldığı çox məqamlarda Vəzirin səbrli hərəkəti hər dəfə məsələni qaydaya qoymuşdu.
Mirişi sakitləşdirmək üçün Vəzir aram səslə dilləndi:
-Qardaş, bir səbirli ol. Səsin aləmi götürüb başına. Kərəm ağıllı oğlandır, amma gərək atasının sözünə qulaq asaydı. İndi, neyləyək, öldürək onu. Bir səhvdir, edib. Lazım olsa, o qurumsağın qızını özüm aparıb evlərinə təhvil verərəm.
Bu sözlərdən Mirişin halına bir sakitlik gəldi. Səsi də kövrəldi.
-Gör oğlum başıma nə oyun açır. Bu nə biabırçılıqdır. Sənə qız qaçırtmaq yaraşarmı? Atasından, anasından xəbərsiz qaçan qızda nə tərbiyyə gözləyirsən?
Elə bu vaxt otağın sağ tərəfindəki ara qapı açıldı və Vəzirin qızı Əsli otağa daxil oldu. Kərəm başını aşağı dikdi. Mirişin və Vəzirin təəccübü bir neçə saniyə çəkdi. Miriş sevincək dilləndi:
-Qızım, yaxşı gəlmisən. Gəl bu əmin oğlunu başa sal ki, axmaq iş görüb. Ailəmizə hörmət gətirməyən hərəkət edib.
Vəzirin də siması təbəssümə qərq oldu.
-Qızım, nə yaxşı gəlmisən? Mirişin səsindən bütün məhəllə ayaq üstədir də. Gəl qızım, gəl, əmin oğlun bəlkə səni eşidib öz hərəkətindən peşman oldu.
Miriş əlinin işarəsi ilə Əsliyə boş stulu göstərdi:
-Gəl otur, bunu başa sal. Gətirdiyi qızı da apar yiyələrinə təhvil ver.
Əsli stulda oturub başını aşağı dikdi. Elə bu vaxt Səbinə də otağa daxil oldu. Əslinin yanında oturub belinə sığal çəkdi. Əsli başını astaca qaldırıb əvvəlcə atasına, sonra isə Mirişə baxdı. Yanaqları allandı. Utancaq bir səslə:
-Miriş əmi, Kərəmi bağışla. Elə məni də bağışla.
Mirişin və Vəzirin təəccüb və nigaran dolu baxışlarını üstündə hiss edən Əsli sözünə davam etdi:
-Sizin evə gəlin gələn mənəm.
Miriş və Vəzir əvvəlcə qulaqlarına, sonra gözlərinə inanmadılar. Heyrət və təəccüb dolu baxışlarla gah bir-birinə, gah da Kərəm və Əsliyə baxırdılar. Otağa elə bir sükut çökdü ki, milçək vızıltısı belə eşidilərdi. Miriş Səbinəyə tərəf çevrildi. Səbinənin üzündə artıq həyəcandan əsər-əlamət belə qalmamışdı. Sevincdən gözləri alışıb-yanırdı. Səbinə tez Əslini qucaqladı, başını sinəsinə sıxdı. Mirişin üzündə təbəssüm işartıları görünməyə başladı. Vəzir isə baş verənləri hələ də beynində çözməyə çalışırdı. Təəccüblə gah qızına, gah da Kərəmə baxırdı.
Yaranan sükutu Səbinə pozdu.
-Əslini sevdiyini bilsəm də hər dəfə atasının: “Qohumdan qız almaram,”- sözlərini Kərəmin yadına salırdım. Amma işin bu həddə çatacağını gözləmirdim.
Düşdüyü şokdan artıq ayılan Miriş ayağa durdu, əvvəlcə Əslinin, sonra isə Kərəmin alnından öpdü. Bayaqkı gərginlikdən əsər-əlamət qalmamışdı. Hamı sevincək idi. Bu dəm Səbinənin həlim səsi hər kəsin ürəyinə yağ kimi yayıldı:
-Əsli ilə Kərəmin kəbini həm yerdə, həm də göydə kəsilib. Təki talehləri oxşamasın. Xoşbəxt olun balalarım.
Mirişin gur səsi eşidildi.
-Allah xoşbəxt eləsin.Uşaqlarımız bizdən ağıllı çıxdılar. İndi isə... – Səsindəki sevinci, doğmalığı hər kəs hiss etdi.- İndi isə Əsli evinə gedib elçilərimizi gözləsin.- Üzünü Vəzirə tutdu:- Quda, biz də gedək, yarımçıq qalan məclisimizi davam etdirək.
Lənkəran. 28 iyul 2026-cı il.