Nazim Əhmədli - DAHA YOLMU GÖZLƏMƏ

Ədəbiyyat 21:00 / 31.07.2026 Baxış sayı: 330

31.07.2026.

Oslo, Bərum.

 

Özümə bir dua yazım,

atım, göyün ortasına;

sonra, sonra da, and içim,

bu günün günortasına;

yapışım, bir ağ buluddan,

qoy aparsın, külək məni;

yuxumda sevib oxşayır,

bir ağılsız mələk məni;

bax, bir azdan, ulduzlar da,

silkələnib töküləcək;

tanrılar da, göy üzündən,

uzaqlara çəkiləcək;

axı, bizi kim danışıb,

bir yalançı nağılıq, biz;

yalan - yalan yuxulardan,

bu dünyaya doğulduq, biz;

mən də, bir eşqin zəvvarı,

ağ buludlar yetim-yetim;

hələ, bir az da yolum var,

hava qaralınca gedim;

onsuz da, yollar qısadı,

bir gün gələr axır, çatar;

dəli-dəli sevdalardan,

mənə də bir nağıl çatar;

payız da, qış da, ləngiyir,

yazı, yayı da, bilmirəm;

daha yolumu gözləmə,

birdən, qayıda bilmərəm.