Şakir Xanhüseyn : - DÜNYANIN BÜNÖVRƏSİNDƏKİ DAŞ...

Ədəbiyyat 09:34 / 14.04.2025 Baxış sayı: 997

 

...bu evin bünövrəsinə

ilk daşı kim qoydu?

harammış-- haram daş imiş o,

yahu;

müqəddəs bir işdi təməlqoyma ha--

bünövrə daşını xəfifə alma...

bünövrəyə ən azından

bir-iki damla tər düşməli,

bir əlin qabarından göynərti hopmalı...

ya bir qəlb açıqlığı olmalı;

( ürəkdə gün işığı!),

ya da gözdoyarlığı;

halal əl gərəkdi, halal əl,

Ya xeyirli əməl!..

bir daş da haram olmaz;

əbədi iztirabların təməlində

dayanan bu, məncə,

bəs, səncə?..

kökdən gələni

əsla budaqda yox edə bilməzsən;

gövdəyə sarılacaq, yarpaqda görünəcək,

varlığını ya meyvəsində,

ya kölgəsində duyuracaq bizə--

hamıya,

ya...

bunu bil,

bir əlində Quran, birində İncil,

Zəbur, ya Tövrat,

özündə ha bir tövr yarat,

faydasızdı, heyhat...

əyil, o bünövrə daşına bax;

işkil ondadı ancaq!..

13.04.21