Adilə Nəzər - HU... dəli-dəli

Ədəbiyyat 10:20 / 01.07.2026 Baxış sayı: 511

 

Sevgilim, qulaq ver gələn fəğana,

Dinlə, gör nə deyir bu dəli-dəli.

Çəkim saçlarımı gözümdən yana-

Bax, necə çağırır, Hu... dəli-dəli.

 

Sözün sözüm idi, andındı andım,

Əydin, əyilmədim, amma ki, sındım.

Mən odsuz-ocaqsız yandıqca yandım,

Çilə atəşimə su dəli-dəli...

 

Burada bir dəli qulun oynayır,

Axtarır tapammır yolun, oynayır.

Düşüb ortasına gölün oynayır

Sonuncu rəqsini qu dəli-dəli...

 

Bir ağrı, bir acı atıbdı çəngəl,

Gözümün önünü tutubdu çən, gəl.

Kim gəlmir gəlməsin, öləndə sən gəl,

Məni göz yaşınla yu, dəli-dəli...