Qəşəm Nəcəfzadə - Bəyim
(Hekayə)
Məkan Gəncə idi, zaman 1980- ci il. Bəyim ikinci kursda oxyurdu, mən 4- cü kursda. Bəyim şeir yazırdı, mən nəsr. Şeirlərini bəyəndiyim gündən Bəyim Gəncədə gözəllik atını minib sağa – sola çapırdı.
Biz kənd uşaqları Gəncədəki “lələ”lərdən qorxurduq. Lələlərin adama sataşmağı siqaret istəməklə başlayırdi. Tərslikdən bizim də siqaretimiz olmurdu. Bir -iki qapaz yeyib qızara – qızara gedirdik yataqxanaya.
O qapazdan sonra ürəyimizdə nə sevgi qalırdı, nə maraq, nə də bir təpər. İnstituta qoyun kimi gedib, qoyun kimi gəlirdik.
Bəyim hardan olsa yaxşıdı?- Gəncədən. Özü də Gəncənin harasından olsa yaxşıdır?- Böyük Bağmandan.
Hər şey ondan başladı ki, başı batmış Bəyim dedi ki, axsam dərsdən gec çıxacağıq, məni evimizə qədər ötürərsən. Bu da düz gəlib düşürdü axşam saat səkkizin yarısına. Özü də günün gödələn vaxtı. Dekabrın ortası. Lələlərin ov vaxtı.
Nə isə, səkkizin yarısı gəlib çatanacan, Lələ və siqaret məsələləri beynimi didir, Bəyimə rast gəldiyim günə söyürdüm. Bıçağı mənə hardan vuracaqlar, o yeri bədənimdə müəyyənləşdirdim. Bağmanlarda xəstəxana – zad yeri bələdlədim. Qanı ilk anda necə kəsmək olar?- düşündüm. Dərs bitənəcən iki dəfə Bağmanlara gedib gəlməklə məşq elədim. Problem olsa, qaçıb hansı dükana, qəzet köşkünə girmək baradə bəhanə fikirləşdim. Bu küçədə taksilərin azlığını diqqətdən qaçırmadım.
Axşam saat səkkizin yarısında Bəyim düşdü yanıma, düzəldik yola. Bəyimdən xahiş elədim ki, gəl taksi ilə gedək, ya avtobusa minək. Dedi: “kəs başımı minmərəm, Sənə yeni şeirlərimi oxuyacam”.
Bəyim şeir oxuyur, canımda bıçaqların yeri sayrışır. Tər dabanımla gedir. Bəyimin bundan nə xəbəri var ?
Bağmanların girişində lələlər kəsdi qabağımızı, nə kəsdilər. İstədim Bəyimi qoyub qaçam. Göz altı dükana – zada baxdım, yaxınlıqda adamların olub- olmamağını müəyyənləşdirdim. Gördüm çıxış yolu yoxdur, yox. Ən yaxşısı qaçmaqdı. Amma lələlərin ən canlısı yapışdı qolumdan, elə bil fikrimi duydu. Məni tutub bərk saxladı. Əvvəl siqaret – zad, ünvan- zad, hansı rayon zad soruşdu. Bunları yüngülvarı ötüşdürdüm. Keçdilər əsas məsələyə.
-Lələ, bu qız sənin nəyindi?
Dedim heç nəyim.
Dedilər, gecə vaxtı bəs bu cığırda nə gəzirsən?
Nə işin vardı cığırda,
It də tutub çığırda- məsəli düşdü yadıma.
Başımı saldım aşağı, elə bildim bıçaq bu saat gələcək. Əvvəl böyrək yerləşən hissəmi qabağa verdim. Düşündüm ki, yenə heç olmasa, böyrək iki dənədir, bir gedər, biri qalar. Daş olan böyrəyimi dəqiqləşdirib tez onu verdim qabağa.Yadıma öd kisəmdə daş olmağı da düşdü. Qarnımın sağ tərəfini, sağ böyrəyin üstünü daha da irəli qabartdım.
Lələlər lap dərinə getdilər.
-Bəlkə bu qızı sevirsən?
Fikirləşdim ki, onsuzda bunların bıçaqlarının qabağına iki qurbanlıq qoymuşam, ağlıma nə gəlsə deyəcəm, sonrası nə ola, ola. Birdən yanımızdakı evin darvazası açıldı, bir qoca arvad çıxdı, əyləşdi küçədəki skamyada. Düşündüm ki, bəd ayaqda qaçıb arvadın arxasında gizlənib elərəm. Ona görə lap ürəkləndim. Yenə dedim sonrası nə ola, ola.
Bu qızı ürəkdən sevirəm – dedim.
Sonra qıza dedilər ki, sən də bu oğlanı sevirsən?
Bəyim də sağ olsun, dedi: - mən də bu oğlanı ürəkdən sevirəm.
Necə ki, pişiyin ağzından sərçə qaça ha, bax elə çıxdıq lələlərin əlindən. Utandığımızdan danışmırdıq. Lələlər bizlə məzələnmişdi. Bəyimi küçə qapısından həyətə ötürüb taksi ilə geri qayıtdım. Zalım qızı demədi ki, gəl bir gecəlik bizdə qal. Desəydi, qalardım.
Bu hadisədən sonra düz beş gün Bəyimlə bir – birimizi dindirmədik. Əslində bu küsülülük ürəyimdən idi. Bəyim yenə:- məni ötür - deyə bilərdi. Sonra barışdıq. Xeyli güldük.
Mən Bəyimi yaman sevdim, Bəyim də məni. Elə bil Bağman istiqamətində marşurutda işləyirdim. Hamı məni tanıyırdı.
İyun ayının sonlarında Bəyimlə dayanmışdıq institutun qarşısındakı çinarın altında. Dərslər artıq bağlanırdı. İsti adamı sac kimi qovururdu. Kəndə gedəcəkdim. Bəyimlə vədələşdim ki, sentyabra qədər dözə bilmərəm, avqust ayında gələcəm bu ağacın altında görüşək. O da sevindi, uşaq kimi atılıb düşdü. Birdən əlim dinc dayanmadı, ağacın qoşa yarpağının birinə öz adımı, birinə də Bəyimin adını yazdım. Dedim ki, biz gələncən qoy adlarımız görüş yerimizə keşik çəksin.
Mən gəldim kəndə. Bəyim də getdi evlərinə. Avqust ayı gəldi, dediyimiz tarixdə gəldim instituta. İlk dəfə qarşıma Bəyimin institutun qəbul şöbəsində işləyən xalası qızı çıxdı. Hal- xoş elədik.
Bəyimi soruşdum. Dedi iyulda Bəyimin toyu oldu, getdi Xanların Toğana kəndinə. İlk dəfə idi ki, ürəyimə bıçaq dirədilər. qəhərləndim. Həmin ağaçın altına gəlib adımız yazılan yarpaqları axtarmağa başladım. Axır ki, tapdım. Bəyimin adı olan yarpaq deyəsən qırılıb düşübmüş. Kimsə onu qara sapla mənim adım olan yarpağa sarımışdı. Məni ağlamaq tutdu.