Ay Bəniz Əliyar - Mənim bənövşə vaxtlarım
***
Mənim bənövşə vaxtlarım
Bir ömrün yaz çəməniydi...
Keçdi bir göz qırpımında,
Heç sormadım, kimin idi?..
Kim dərib, kim qopardısa,
Ürəyi, gözü tox imiş...
Amma bifayda...
Nə yazıq...
İnsafı, dini yox imiş...
Mənim bənövşə vaxtlarım
Bir yazın sancağı oldu,
Ətri bihuşdarı kimi
Kimin sinəsinə doldu?!
Boynubükük boylanırdı,
Qoynunda kim büsat qurdu?
Kimin yatağın qızdırdı,
Kimin ürəyin doldurdu?
Heç vaxt qarşıma çıxmadı,
Heç vaxt yuxumdan getmədi.
Əl atdım, əlim çatmadı,
Səslədim, ünüm yetmədi.
Dağ üstdən qar kimi bəyaz
Örpəyin qaparaq keçdi.
Mənim bənövşə vaxtlarım,
Atlıydı, çaparaq keçdi.