Ayaz Arabaçı - Mənim sevdiyim adam..
Bacardın hər ürəkdə
isti yuva qurmağı,
Bu gün səndən öyrənir qalalar dik durmağı,
Kədərdən yox olarıq qanasa bir dırnağın..
Uca dağ vüqarınla Tur oğlu Tur adamsan.
Sən nə əyilməz kişi, sən nə məğrur adamsan.
Mənim bildiyim adam,
Mənim sevdiyim adam..
Səni taleyimizə Göylərin özü yazdı.
Elə bu yazıyla da ən gözəl sözü yazdı..
Sən sevgidən ötəsən, sevgi səninçün azdı.
Nəfəsi od, qəlbi od, istəyi nur adamsan..
Sən nə əyilməz kişi, sən nə məğrur adamsan.
Mənim bildiyim adam,
Mənim sevdiyim adam..
Biçər şərə min kəfən qızılqanad qayçılar,
Doğar bir gün o günəş, buludları qamçılar..
Bilirəm nə məlhəmdi,qəlbindəki qançıra,
Hər cür qorxunu yenmiş azad və hürr adamsan
Sən nə əyilməz kişi, sən nə məğrur adamsan.
Mənim bildiyim adam,
Mənim sevdiyim adam..
Soyuq bir qış günüdür, fevral qırov, qar qoxur,
Adamların sifəti hər cür ahu-zar qoxur..
Amma bizə varlığın qışda da gülzar qoxur..
Sən yeganə ocaqsan..alovu gur adamsan,
Sən nə əyilməz kişi, sən nə məğrur adamsan.
Mənim bildiyim adam,
Mənim sevdiyim adam..
Hər ağrıyla sarsılıb, hər yarayla qanadın..
Bəlkə də milyon dəfə budandı qol-qanadın,
Amma əzəmətini itirmədi heç adın.
Ömrü səngər adamsan, yolu uğur adamsan,
Sən nə əyilməz kişi, sən nə məğrur adamsan.
Mənim bildiyim adam,
Mənim sevdiyim adam..