Aqşin Yenisey ·- Nə üçün ictimai sərmayə ucuz konfliktlərə yatırılır?

YAZARLAR 10:52 / 11.02.2026 Baxış sayı: 420

Son illər cavabı axtarılan suallardan biri budur: nə üçün xalq müğənnilərin, aparacıların, yəni heç bir ictimai dəyər yaratmayan insanların saçyoldusunu, dava-dalaşını bu qədər maraqla izləyir? Nə üçün ictimai sərmayə ucuz konfliktlərə yatırılır?

Konfliktə maraq universal mənşəlidir. Konfliktdə iştirak edənlər obraz olaraq xeyiri və şəri təmsil edirlər. Qədim Roma zadəganları universal konflikti qladiatorların döyüşü ilə səhnələşdirirdilər. Çünki qladiator almağa, saxlamağa pulları vardı.

Kasıb, yoxsul xalq kütlələri isə xoruz döyüşdürməklə, it boğuşdurmaqla konflktə olan maraqlarını ödəyirdilər. Bu gün orta təbəqə, məsələn, futbola olan marağı ilə bu emosional, teatral ənənənin ehtiyacını ödəyir. "Biz" və "onlar". Bu qarşıdurmada "biz" xeyirin, "onlar" şərin obrazıdır.

Kasıb, yoxsul (həm maddi, həm mənəvi baxımdan) təbəqənin isə bu gün xoruz döyüşdürmək, it boğuşdurmaq lüksü və vaxtı yoxdur. Amma hər kəsin özünü konfliktdə eyniləşdirəcəyi bir döyüşçüyə psixoloji ehtiyacı var.

Bu psixoloji ehtiyacı ödəmək üçün çağın şərtləri xoruzun yerinə ictimai dəyəri sıfırlanmış bir aparıcı, itin yerinə bir kabinet müğənnisi qoyur.

Konfliktin forması dəyişir, məzmunu isə olduğu kimi qalır.

İkinci bir səbəb: Başqalarının konfliktinə tamaşa etmək bizi öz problemlərimizdən müvəqqəti olaraq uzaqlaşdırır və asılılıq yaradır. Eynən içki, narkotik asıllığı kimi. "Tamaşa və çörək" bu asılılıq üzərində qurulan Roma strategiyası idi.

Marksın müsbət mənada dediyi "din xalqın tiryəkidir" ifadəsindəki tiryək günümüzün kütlələri üçün şou saçyoldularıdır. Dinin əsl hədəfi artıq kütlələr deyil, universitetlərdir, elmdir, elm adamlarıdır, fəlsəfədir. Din artıq özünün klassik yerini şou intriqalarına təhvil verib.

Bu gün kasıb, yoxsul təbəqə (həm maddi, həm mənəvi) mistik moizələrlə deyil, ritmik mahnılarla yuxuya gedir. Həm də şouda xəyalındakı cənnətin elementlərini seyr edərək...