Qəşəm  Nəcəfzadə - Bağlandı kəndimin kitabxanası

Ədəbiyyat 20:35 / 09.11.2026 Baxış sayı: 166

Bağlandı kəndimin kitabxanası

Irana, Turana qol açılanda,

Böyük Avropaya yol açılanda,

Duman çəkiləndə, gül açılanda,

Bağlandı kəndimin kitabxanası.

Şeir kitablarım varıydı orda,

Yatırdı vərəqdə əhdim, ilqarım.

Səsinə gəlirdi bir vaxt, indisə

Yasına gəlmişdi oxucularım,

Bağlandı kəndimin kitabaxanası.

Ağzına bir yekə kilid vurdular,

Rəfləri ağlaya – ağlaya qaldı.

Gözləri kədərli kənd uşaqları

Sinəmi dağlıya-dağlaya qaldı.

Yüz yaşı varıydı kitabxanımın,

Nə olsun, bir cavan oğlan bağladı.

Atadan, anadan, sevgidən deyil,

Vergidən doğulan oğlan bağladı.

Xəbəri eşidib kənd uşaqları,

Sürünü öynəyə tez gətirdilər.

Elələləri vardı and vermək üçün,

Süfrədən bir çimdik duz götürdülər.

Eləsi varıydı at belindəydi.

Eləsi varıydı it yanındaydı.

Qızlar anasıyla, qardaşlarıyla,

Gəlinlər abrında, həyasındaydı.

Bağlandı kəndimin kitabxanası.

Bir qoca irəli yeryib dedi,

Kəndin şair var, adı Qəşəmdı.

Kəndin şəhidi var, adı Elşəndi.

Qəşəmə, Eşənə baxan kimiydi,

Şəhidə, Şairə baxan kimiydi,

Ara qarışmışdı, məzhəb itmişdi,

Ürək dayanmışdı, ağıl getmişdi.

Kitablar həyətə tökülürdülər.

Ona baxan gözlər tökülürdülər.

Kitablar küləklə açılırdılar,

Vərəqlər bilmədən əl çalırdılar,

Bağlandı kəndimin kitabxanası.

O gün gündimizdə ağlayan güldü,

O gün kəndimizdə gülən ağladı.

Bir yolluq söndürdüm kompüterimi,

Sındırdım, əlimdə qələm ağladı.