Ay zalım, min ildir qapı döyünür- Nurafiz Hüseynov
Ləlik quzu kimi ağrılarımın,
Yaman dadanmışam bal sığalına.
Gözündə qəm gülür könül varımın,
Yatıb uyumuşam lal sığalına.
Mənim çəkdiklərim çəkimdən ağır,
Çəkə bilmədiyim qınaq kimidi.
Dərd var, var olubdur təkindən ağır,
Ağrı var astaget qonaq kimidi.
Görürəm divarlar sıxır səsimi,-
enə dəhmərləyir öyü üstümə.
Kəsir kələyimi qəmin əsimi,
Ağrılar əndərir göyü üstümə.
Səsimin altında təklənir nəfəs,
Dizimin heyində tabı döyülür.
Məni məndən çölə çağırır bir səs,-
Ay zalım, min ildi qapı döyülür...
***
A zalımın daş balası,
Suyam, daşından keçərəm.
İnanma ki, boyun əyib
Sənin qarşından keçərəm.
Tuş gəldimmi lüləsinə,
Çətin qıyam əl əsinə.
Düşməm nəfsin tələsinə,
Qu-yam, qursundan keçərəm.
Qərib olan tək mənmişəm,
Olarmı de, Təkləmmi şən?
Elə bilmə təklənmişəm,
Təkəm,qoşunnan keçərəm.
Bu səs
Mehriban Zəkiyə
Dua oxuduqca sözdən
İlməyə dad qatır bu səs.
Şeh əmdikcə kiprik gözdən,
Silməyə dad qatır bu səs.
Nəm düşdümü dən üzünə,
Şum çəkir dəni özünə.
Qaytarır məni özümə,
Gəlməyə dad qatır bu səs.
Can ləliyir neydə, udda,
İç ağrısı qalır yadda.
Ölümü sevdirir hətta,
Ölməyə dad qatır bu səs.
***
Özümdən düşüb qalmışam,
Bu soyuq dayanacaqda.
Alnım isidir ovcumu,
Yox bir başqa yanacaq da.
Eh... saatın nə vecinə,
Kimdə uduzdum nəyimi.
Özümə vağzal elədim
İçimdəki göynəyimi.
Fikrim yol şəkir gözümə,
Uzaqların yoxdu dini.
Qayıtmağa vaxtım çatmaz,
Ta özündə axtar məni.