Şakir  Xanhüseyinli - BİR MƏN QOŞUR MƏNƏ SARI

Ədəbiyyat 17:00 / 09.11.2026 Baxış sayı: 379

 

Bir mən qoşur mənə sarı,

o mən nə yeyir, nə içir.

Körpülən, ey su, körpülən,

məni alovlardan keçir...

Mən bir mənəmmi? bəlkə çox,

bir arzudu, min ümiddi...

Nə boydadı öz çölündə,

haracandı kimin səddi...

Məndə məni kim nə bilir,

ona bir ad qoymaq gərək.

Könlündən nə keçdiyini

yüz ağacdan duymaq gərək...

Mənə üzülməyən məni

niyə özümdə tutum ki...

Gözümü tutan ölümü

niyə gözümdə tutum ki...

İstəmirəm bir hüzurda

çökə diz, həqiqətimi;

Gizlətmədim oddan, sudan

mən ki öz həqiqətimi...

Od aparsın, su yandırsaın

deyirsən ki, yəni məni...

Səslə, məni məndə səslə,

o qurtarsın səni, məni;

Həm də sığınmışam ona--

o məndəki mənə, bəli;

Ruhumdakı, canımdakı,

qəlbimdəki mənə, bəli...

Hərdən darıxıram, vallah,

məndə olan o mən üçün;

Yer-mən üçün, göy-mən üçün,

su-mən üçün, od-mən üçün!..

Mənə bir ad qoy, ey sən, sən--

mən mənəmmi, ya sənəmmi...

Ey qırmızı dağ laləsi,

sənə seyrəngah sinəmmi?