Musa Yaqub - Buludlar toqquşub coşanda hərdən
Buludlar toqquşub coşanda hərdən,
Göylərin qılıncı düşəndə işə,
Meşə qırağında tənha bir evdən
Ürəyim nigaran qalır həmişə.
Bir qatar durnaya bəxti yol açar,
Yol gedə göylərin çən-dumanında.
Qatardan ayrılan tək durna uçar,
Fikrim o durnanın qalar yanında.
Meşədə ağaclar qatar-qatardı,
Biri yıxılanda,dikələr biri.
O quru səhrada tək ağac vardı,
Yel vurdu,indi də boş qalıb yeri.
Min adda gül var ki,çəməni bəzər,
Var qaya daşında tənha bir çiçək.
Təkləri ananda ürəyim əsər,-
Sən də,mənim balam,təksən,sən də tək.