Məmməd Qədir - Çevir məni bu sevdanın başına
Keç suçumdan, ahh... ürəyim sökülür,
Dağ dərdindən uca qəddim bükülür,
Həsrətindən kirpiklərim tökülür,
Rəhmin gəlsin gözlərimin yaşına,
Çevir məni bu sevdanın başına.
Duymursanmı, yaş öldürür bu eşqi,
Hikkə adlı daş öldürür bu eşqi,
Şaxta vurur, qış öldürür bu eşqi,
Qar oturur kirpiyinə qaşına,
Çevir məni bu sevdanın başına
Sənsiz itin əzabını çəkmişəm,
Çox haqsızın hesabını çəkmişəm,
Min illərin əsəbini çəkmişəm,
Çoxdan dəyib başım əlhəd daşına,
Çevir məni bu sevdanın başına.
Sədaqətim dildə dastan, qu qədər,
Sevgin mənə vazkeçilməz, su qədər,
Heç Allaha yalvarmadım bu qədər,
Sübhanallah, gəlməyəcək xoşuna,
Çevir məni bu sevdanın başına.
Məmməd Qədir nəfsi, gözü toxdu, bil,
Verdikləri aldığından çoxdu, bil,
Bu sevgidən qaçan yerin yoxdu, bil
Qəbirdə də çıxacağam qarşına,
Çevir məni bu sevdanın başına...