Şakir  Xanhüseynli - Analar günündən

Ədəbiyyat 10:51 / 11.06.2026 Baxış sayı: 450

Analar günündən

bir gün keçmişin şeiri

anamızın

təndirə çörək yapan,

ən başda

üzümüzə sığal çəkən əliylə

bəzən bizə

yağlı bir nəsihət şilləsi yedirən əli

ayrı-ayrıydı sanki...

sözlərinin mülayimliyi,

bəzən də məzəmmət tonu

elə bir fərq yaradırdı ki, ilk baxışda...

göz açıb baxmaqları da

eyni olmurdu;

tənbehedici nəzərləri bir başqa cür--

bir qədər kəskin, ciddi--

fəqət, şəfqət dolu,

odlu-odlu

baxmaqları bir ayrıydı;

duruşu, yerişində də

nişan verirdi bunu-

bu fərqliliyi;

hə, ağda da, qarada da

ana anadı elə

heç dəyişməyən sevgisi ilə...